Mənzil bazarında son vəziyyət açıqlandı
Azərbaycanda mənzil kreditlərinin faiz dərəcələri və ipoteka şərtləri uzun illərdir müzakirə olunan mövzulardan biridir. Bir çox vətəndaş hesab edir ki, mövcud kredit şərtləri ev sahibi olmaq istəyən ailələrin imkanlarına tam uyğun gəlmir. Xüsusilə mənzil qiymətlərinin artdığı bir dövrdə kredit faizlərinin yüksək olması və aylıq ödənişlərin ailə büdcəsinə təsiri diqqət mərkəzindədir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanda mənzil kreditlərinin faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bankların maliyyə resurslarının dəyərinin nisbətən yüksək olmasıdır:

"Banklar kredit verərkən həm öz vəsaitlərinin maya dəyərini, həm də mümkün riskləri faiz dərəcələrinə əlavə edirlər. İnflyasiya gözləntiləri, maliyyə bazarının məhdud inkişafı və uzunmüddətli ucuz maliyyə mənbələrinin azlığı da faizlərin yüksək qalmasına təsir göstərir. Bundan əlavə, mənzil bazarında qiymətlərin artması və kreditlər üzrə risklərin tam aradan qalxmaması bankları daha ehtiyatlı davranmağa sövq edir. Vətəndaşların daha əlçatan şərtlərlə ev sahibi olması üçün ilk növbədə uzunmüddətli və aşağı faizli maliyyə resurslarının artırılması vacibdir. Dövlət tərəfindən güzəştli ipoteka proqramlarının əhatə dairəsinin genişləndirilməsi daha çox ailənin mənzil əldə etməsinə kömək edə bilər. İlkin ödəniş tələblərinin müəyyən həddə qədər yumşaldılması, sosial mənzil layihələrinin artırılması və tikinti sektorunda rəqabətin gücləndirilməsi də mənzil əlçatanlığını yüksəldə bilər".
İqtisadçı, həmçinin bildirib ki, vətəndaşların gəlirlərinin artması, məşğulluğun yaxşılaşdırılması və maliyyə bazarının inkişafı kredit faizlərinin tədricən azalmasına və mənzil sahibi olma imkanlarının genişlənməsinə şərait yaradar.
Fatimə Məmmədova
16:30 13.06.2026
Oxunuş sayı: 81