“Rusiya çökür”, “tam təklənib” kimi qəti ifadələr...- Müharibənin taleyi həll olunur?
Avropa Komissiyasının Rusiyaya qarşı artıq 21-ci sanksiya paketini təqdim etməsi Qərbin Moskva üzərində siyasi və iqtisadi təzyiq strategiyasını davam etdirmək niyyətini bir daha nümayiş etdirir. Müharibənin uzanması fonunda sanksiyalar Avropa üçün əsas təsir alətlərindən biri olaraq qalır. Bununla belə, illərdir davam edən məhdudiyyətlərin Rusiya iqtisadiyyatına və siyasi qərarvermə mexanizmlərinə real təsiri ilə bağlı müzakirələr də səngimir. Bir tərəf sanksiyaların uzunmüddətli perspektivdə nəticə verdiyini hesab etdiyi halda, digər yanaşmaya görə, Rusiyanın yeni iqtisadi və ticarət marşrutları formalaşdırması bu təsiri qismən neytrallaşdırır. Bəs Avropa bu siyasəti nə vaxta qədər davam etdirəcək və tətbiq olunan sanksiyalar Rusiyanın davranışına nə dərəcədə real təsir göstərə bilir?
Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn Crossmedia.az-a açıqlama verib:
“Müharibənin nə vaxt dayanacağını dəqiq demək mümkün deyil. Müharibə təbii ki, siyasi və hərbi şərtlər formalaşdığı zaman dayanacaq. Bu kontekstdə yanaşma ondan ibarətdir ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərindən çəkildiyi və ya tərəflər arasında Avropanın və ümumilikdə beynəlxalq ictimaiyyətin qəbul edə biləcəyi ədalətli sülh əldə olunduğu halda müharibənin başa çatması üçün real zəmin yarana bilər. Təsir məsələsinə gəlincə, burada əvvəlcə hansı istiqamətdə təsirdən danışıldığını müəyyənləşdirmək lazımdır. Əgər söhbət Rusiyada mövcud siyasi rejimə təsirdən gedirsə, hələlik həmin rejim üzərində ciddi və birbaşa nəticə verən təsir müşahidə olunmur”.

Politoloq əlavə edib ki, əgər məsələ iqtisadi təsirdirsə, bunu ilk növbədə Rusiyanın daxili iqtisadi göstəriciləri əsasında qiymətləndirmək lazımdır: “Buradan çıxış edib “Rusiya çökür”, “tam təklənib” kimi qəti ifadələr işlətmək düzgün yanaşma olmaz. Fakt budur ki, hazırda Rusiyadakı siyasi sistem fəaliyyətini davam etdirir və dövlət idarəçiliyinin əsas rıçaqları mövcud hakimiyyətin əlində qalır. Bu baxımdan siyasi rejimə birbaşa təsirdən danışmaq hələ tezdir. Amma uzunmüddətli perspektivdə tətbiq olunan sanksiyaların hansı nəticələr doğura biləcəyi ayrıca məsələdir. Əgər zaman keçdikcə bu sanksiyalar daha ciddi iqtisadi və siyasi nəticələr yaratsa, yaxud Ukrayna müharibəsində ardıcıl uğursuzluqlar və mümkün məğlubiyyət ssenariləri ortaya çıxsa, həmin halda sanksiyaların real və dərin təsiri daha açıq şəkildə görünə bilər”.
Ayhan
20:00 10.06.2026
Oxunuş sayı: 44