Zelenski Putinə şəxsi görüş təklif edib, Kreml isə bundan imtina edib
Mayın 21-də rusiyalı oliqarx Roman Abramoviç gizli şəkildə Kiyevə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşr yazır ki, görüş zamanı Zelenski Abramoviçdən Rusiya Prezidenti Vladimir Putinə birbaşa mesaj çatdırmağı xahiş edib. Mesajda Ukrayna liderinin birbaşa danışıqlara və iki ölkə prezidentləri arasında şəxsi görüşə hazır olduğu bildirilib.
“Financial Times” xatırladır ki, Abramoviç 2022-ci ildən bəri Kiyev və Moskva arasında qeyri-rəsmi vasitəçi kimi çıxış edir. O, İstanbul danışıqlarında, əsir mübadilələrində, o cümlədən Azovstal müdafiəçilərinin azad olunması prosesində və taxıl sazişinin reallaşdırılmasında iştirak edib.
Mənbələrin sözlərinə görə, Zelenskinin Putinə göndərdiyi mesajın məzmunu onun iyunun 4-də dərc olunmuş açıq məktubunda səsləndirdiyi çağırışlarla eyni olub. Buraya atəşkəsin elan edilməsi, liderlərin şəxsi görüşü və sülh şərtlərinin müzakirəsi daxil idi.
Lakin nəşrin iddiasına görə, Putin bu təklifə maraq göstərməyib. Hətta bir neçə gün sonra o, Abramoviçlə görüş faktını dolayısı ilə təsdiqləyərək Zelenski ilə şəxsi sammit keçirməyin mənasını görmədiyini bildirib.
Məqalədə həmçinin vurğulanır ki, Putinin köməkçisi Yuri Uşakov bu gün Rusiya ilə Ukrayna arasında təkcə rəsmi deyil, həm də qapalı təmasların mövcud olduğunu açıq şəkildə etiraf edib.
19:22 07.06.2026
Oxunuş sayı: 64