Sami Yusuf azərbaycanlı musiqiçilərin iştirakı ilə Fəsdəki festivalda çıxış edib
Sami Yusuf Mərakeşin Fəs şəhərində keçirilən Dünya Müqəddəs Musiqisi Festivalında çıxış edib, konsertdə azərbaycanlı musiqiçilər də iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, tədbir iyunun 6-da Mərakeş Kralı VI Məhəmmədin himayəsi altında keçirilən festivalın 29-cu sessiyası çərçivəsində baş tutub.
Konsert Fəsin əsas tarixi məkanlarından biri olan Bab Al Makina səhnəsində keçirilib. Proqram anşlaq toplayıb və beynəlxalq auditoriyanın böyük marağına səbəb olub.
Sami Yusuf öz ansamblının Türkiyə, Böyük Britaniya, Fransa, Çin, İordaniya, Azərbaycan və Mərakeşdən olan musiqiçiləri birləşdirdiyini qeyd edərək, mədəniyyətlərarası dialoq ideyasını vurğulayıb.
Proqramda dini və sufi əsərləri, eləcə də müasir kompozisiyalar səsləndirilib. "Madad", "Mawlana" və "Hasbi Rabbi" ifaları tamaşaçılarda xüsusi rəğbət doğurub.
Orkestrin tərkibində Azərbaycanı dörd musiqiçi təmsil edib: Məhsəd Əzizov (balaban), Zakir Vəliyev (tar), Elvin Novruzov (kamança) və İdris Hüseynov (ud).
Konsertdən sonra Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov sənətçilərlə görüşüb və çıxışlarına görə onlara təşəkkür edib.
Fəsdəki Dünya Müqəddəs Musiqisi Festivalı ənənəvi olaraq dünyanın hər yerindən 160-dan çox sənətçini bir araya gətirir və incəsənət vasitəsilə mədəniyyətlərarası dialoqun aparıcı məkanlarından biri hesab olunur.


17:53 07.06.2026
Oxunuş sayı: 51