Çexiyada Azərbaycan mədəniyyəti və milli mətbəxi təqdim edilib
Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən “Beehive School” beynəlxalq məktəbində müxtəlif xalqların mədəni irsinin tanıdılması məqsədilə Beynəlxalq Mədəniyyət Festivalı təşkil olunub.
Crossmedia.az xəbər verir ki, festival çərçivəsində Azərbaycanı məktəbin şagirdi Sofiya Şükürlü layiqincə təmsil edib. Tədbir iştirakçılarına ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və əsrlər boyu formalaşmış irsi haqqında ətraflı məlumat verilib.
Azərbaycan guşəsinin hazırlanmasında Çexiyada fəaliyyət göstərən “Land of Fire” cəmiyyəti yaxından dəstək göstərib. Cəmiyyət tərəfindən Azərbaycanla bağlı təqdim edilən suvenirlər, nəşrlər, tanıtım materialları və milli atributlar qonaqların xüsusi marağına səbəb olub. Tədbir zamanı Azərbaycan mətbəxinin zəngin nümunələri də nümayiş etdirilib. Qonaqlara milli şirniyyatlar və müxtəlif təamlarla yanaşı, ölkəmizin simvollarından biri sayılan nar məhsulları və nar şirəsi təqdim edilib. Azərbaycan guşəsi həm rəngarəng tərtibatı, həm də milli mədəniyyətimizi əks etdirən eksponat və təqdimatları ilə festival iştirakçılarının diqqət mərkəzində olub.
Festivalın başlıca məqsədi müxtəlif ölkələrdən olan uşaqların bir-birinin mədəniyyətini daha yaxından tanımasına şərait yaratmaq, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanı möhkəmləndirmək, eyni zamanda, multikultural dəyərləri təşviq etmək olub.
Qeyd edək ki, Azərbaycanın bu kimi beynəlxalq tədbirlərdə fəal iştirakı ölkəmizin zəngin mədəni irsinin xaricdə tanıdılmasına, milli dəyərlərimizin təbliğinə və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına mühüm töhfə verir.
16:33 07.06.2026
Oxunuş sayı: 57