Yeniyetmələr arasında tütün təhlükəsi - 40 milyon gənci riskə atan qlobal problem
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 13-15 yaş arası təxminən 40 milyon yeniyetmə tütün məhsullarından istifadə edir.
Bu rəqəm tütün asılılığının artıq yalnız böyüklər üçün deyil, yeniyetmələr arasında da ciddi qlobal problemə çevrildiyini göstərir.
Mütəxəssislərin fikrincə, yeniyetmələr arasında tütünə marağın artmasının əsas səbəbləri sosial mühit, reklam və marketinq təsiri, həmyaşıd təzyiqi, eləcə də “böyüklər kimi görünmək” istəyi ilə bağlıdır.
Bəs bu təhlükəli vərdişin qarşısını almaq üçün hansı maarifləndirmə kampaniyaları və profilaktik tədbirlər daha effektiv ola bilər?
Mövzu ilə bağlı sosioloq Rəvan Əliyev Crossmedia.az-a açıqlama verib:

“Yeniyetmələr arasında tütün məhsullarına marağın artmasının əsas səbəbləri dost təsiri, sosial şəbəkələr, maraq hissi və bəzi məhsulların cəlbedici formada təqdim edilməsidir.
Bir çox yeniyetmə bunu böyüməyin və ya müəyyən qrupa aid olmağın göstəricisi kimi qəbul edir. Bu problemin qarşısını almaq üçün məktəblərdə və mediada davamlı maarifləndirmə aparılmalı, tütün və nikotinin sağlamlığa zərərləri sadə və anlaşıqlı şəkildə izah edilməlidir.
Eyni zamanda gənclərin idman, incəsənət və digər faydalı fəaliyyətlərə cəlb edilməsi onların zərərli vərdişlərdən uzaq qalmasına kömək edə bilər. Hesab edirəm ki, yeniyetmələrin tütün məhsullarından uzaq durması üçün ailə, məktəb və cəmiyyət birlikdə fəaliyyət göstərməlidir”.
Ayhan
14:45 01.06.2026
Oxunuş sayı: 52