“Qarabağın Mədəniyyət Xəritəsi – Hər rayonun öz səsi” festivalı keçirilib
“Qarabağın Mədəniyyət Xəritəsi – Hər rayonun öz səsi” festivalı Qarabağın zəngin mədəni irsinin, milli musiqi ənənələrinin və bölgələrə məxsus sənət nümunələrinin geniş ictimaiyyətə təqdim olunması məqsədilə təşkil edilib. İçərişəhərin tarixi atmosferində keçirilən festival Qarabağın hər rayonunun özünəməxsus ruhunu, mədəni kimliyini və sənət yaddaşını bir platformada bir araya gətirir.
Crossmedia.az xəbər verir ki, Qarabağın zəngin irsini və hər bölgəsinin özünəməxsus mədəni nəfəsini yaşadan “Qarabağın mədəniyyət xəritəsi: hər rayonun öz səsi” festivalı bu gün İçərişəhərin tarixi Qoşa Qala meydanında rəsmi olaraq açılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və “Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən festival böyük maraqla qarşılanıb.
Festivalın açılışı milli musiqi sədaları ilə baş tutub. Qoşa Qala meydanına yayılan Qarabağ havaları qədim İçərişəhərin daş küçələrinə qarışaraq tədbirə xüsusi ovqat bəxş edib. Açılışdan sonra rəsmi hissə keçirilib, daha sonra isə bədii proqram təqdim olunub.
Səhnədə Qarabağ havaları səsləndirilib, milli rəqslər nümayiş olunub. Təşkilatçılar bildiriblər ki, iki gün ərzində festivalda Urfan Cəfərov, Rəşad İlyasov, Aysel Ömər, Fərqanə Qasımova, Gülüstan Əliyeva kimi tanınmış sənətkarlar iştirak edərək Qarabağ muğamı və xalq mahnılarını ifa edəcəklər.
Rəsmi hissədə çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, İçərişəhər əsrlərdir mədəniyyətlərin qovuşduğu canlı bir yaddaşdır. Onun sözlərinə görə, Qarabağın müxtəlif bölgələrinin bu tarixi məkanda bir araya gətirilməsi həm simvolik, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. R.Mahmud qeyd edib ki, Qarabağ Azərbaycan xalqının yaddaşı, sənəti və milli kimliyinin ayrılmaz parçasıdır.
Festival ərazisində Qarabağın bütün rayonları ayrıca stendlərlə təmsil olunub. Hər stenddə bölgələrin mədəniyyəti, sənəti və milli mətbəxinə aid nümunələr nümayiş etdirilib. Milli geyimlər, bədii tikmələr, xalça və misgərlik nümunələri ziyarətçilərin diqqətini çəkib.
Festivalın ən canlı və maraqla qarşılanan məkanlarından biri rəssamlıq guşəsi olub. Burada Qarabağa həsr olunmuş əsərlər bir növ canlı yaddaşa çevrilib. Ziyarətçilər tablolar qarşısında uzun müddət dayanaraq rənglərin içində gizlənən tarixə baxıblar.
Rəssamların əsərlərində Qarabağın güşələri, dağ kəndləri, Şuşanın daş küçələri, Xudafərin körpüsünün silueti, həmçinin Qarabağ atları xüsusi yer alırdı. Kətan üzərində canlanan bəy və xanım obrazları isə keçmişin saray və məclis ovqatını bu günün tamaşaçısına daşıyırdı.
Festival ərazisində Qarabağın tarixi və mədəni irsinə həsr olunmuş videoçarxlar da nümayiş olunub. Ekranda Qarabağın təbiəti, tarixi abidələri, dağıntı və bərpa mənzərələri, doğma yurda qayıdış səhnələri bir-birini əvəz edərək ziyarətçilərdə dərin təəssürat yaradıb.
Festivalın ən interaktiv məkanlarından biri isə dulusçuluq guşəsi olub. Burada qonaqlar gil qabların üzərini rəngləyərək Qarabağ ornamentlərini öz əlləri ilə canlandırmağa çalışıblar.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları – Günay Əfəndiyeva, Ceyhun Məmmədov, Pərvanə Vəliyeva, Azər Allahverənov, Nigar Arpadarai və Vüqar İskəndərov Qarabağın işğaldan azad olunmasından sonra mədəni irsin bərpası və dünyaya tanıdılmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar. Çıxışlarda Qarabağın Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mədəni varlığının ayrılmaz hissəsi olduğu qeyd edilib.
Təşkilatçılar bildiriblər ki, festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsini həm ölkə daxilində, həm də beynəlxalq auditoriyaya çatdırmaq və onu mədəni diplomatiya vasitəsilə dünyaya tanıtmaqdır.
Festival mayın 30-da konsert proqramı və bağlanış mərasimi ilə yekunlaşacaq.
Nigar Xəlilli
18:32 29.05.2026
Oxunuş sayı: 43