Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü ilə əlaqədar ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə rəsmi qəbul təşkil olunub.
Crossmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin deputatları və parlament nümayəndə heyətinin üzvləri, Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova, Rusiya Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının direktoru Andrey Xlutkov, Sankt-Peterburq hökumətinin rəsmiləri və Qanunvericilik Məclisinin deputatları, diplomatik korpusun rəhbərləri, Azərbaycan diasporunun üzvləri, azərbaycanlı mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində çıxış edən səfir Rəhman Mustafayev və Sankt-Peterburq şəhərindəki baş konsul vəzifəsini icra edən Anar Yusifzadə Azərbaycan Demokratik Respublikasının 108 il əvvəl əsasını qoyduğu dövlətçilik ənənəsindən, ölkəmizin beynəlxalq nüfuzundan, müasir dövrdə dayanıqlı inkişaf modelindən, regionda sülhə və təhlükəsizliyə verdiyi töhfədən bəhs ediblər.
Sankt-Peterburq Qanunvericilik Məclisi sədrinin müavini Pavel İtkin, Rusiya XİN-nin Sankt-Peterburqdakı nümayəndəliyinin rəhbəri Maksim Poletayev və Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədr müavini Nizami Məmişov çıxışları zamanı Sankt-Peterburq ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verildiyini, Azərbaycan ilə Rusiya arasında yüksəksəviyyəli dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd ediblər.
Azərbaycanın Əməkdar artisti, opera müğənnisi Elnarə Məmmədova, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti, xanəndə Mirələm Mirələmov, vokalçı Ayna Kərimova, opera ifaçısı Teymur Kazımov, “Xəzər” Azərbaycan xalq rəqsləri ansamblının iştirak etdiyi konsert proqramında incəsənət nümayəndələrinin ifasında milli musiqimizin əvəzsiz nümunələri qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Tədbir zamanı qonaqlara Azərbaycanın milli mətbəxindən ibarət rəsmi ziyafət verilib.(AZƏRTAC)
20:36 23.05.2026
Oxunuş sayı: 52