AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bakalavriat pilləsinin son kursunda təhsil alan tələbələrin istehsalat təcrübəsi başa çatıb. Bu münasibətlə kitabxana rəhbərliyinin, təxminən dörd ay ərzində MEK-in müxtəlif şöbələrində təcrübə keçən Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin tələbələri ilə görüşü keçirilib.
MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, kitabxananın əsas məqsədlərindən biri gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərmək, onların peşəkar formalaşmasına töhfə verməkdir. O, təcrübə müddətində tələbələrin kitabxana işini yaxından öyrənməsinin, kitabxanaçılıq sahəsinin müxtəlif istiqamətləri ilə tanış olmasının vacibliyini vurğulayıb. Direktor qeyd edib ki, bu müddət ərzində həm davamiyyətə, həm də işə münasibətə ciddi yanaşılıb.
Çıxışı zamanı MEK rəhbəri hər il tələbələrini kitabxanaya təcrübəyə göndərən universitet rəhbərlərinə təşəkkürünü bildirib, tələbələrin inkişafı üçün burada bütün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, tələbələr təcrübə müddətində praktik bilik qazanaraq universitetdə öyrəndiklərini daha da möhkəmləndiriblər.
H.Hüseynov sonda qazandıqları təcrübənin gələcək fəaliyyətlərində onlara böyük fayda verəcəyinə əminliyini ifadə edərək hər bir tələbəyə uğurlar arzulayıb.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Sevda Xələfova da öz növbəsində kollektivin tələbələrə münasibətindən məmnun qaldıqlarını bildirib. O qeyd edib ki, bu yanaşma tələbələrin elmə və seçdikləri peşəyə marağını daha da artırıb.
Daha sonra BDU-nun tələbələri Aydın Hüseynov və Nəzrin Hüseynzadə çıxış edərək MEK-də keçdikləri təcrübə müddətinin onlar üçün səmərəli olduğunu bildiriblər. Onlar universitetdə dörd il ərzində əldə etdikləri nəzəri bilikləri burada praktik şəkildə tətbiq etmək imkanı qazandıqlarını vurğulayıblar. Yaradılan şəraitə və dəstəyə görə təşəkkür ediblər.