Prezident İlham Əliyevdən tarixi irs mesajı
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun – WUF13-ün açılış mərasimində etdiyi çıxış Azərbaycanın tarixə, mədəniyyətə və şəhərsalma siyasətinə baxışını ifadə edən mühüm ideoloji və siyasi mesaj kimi diqqət çəkdi. Çıxışda verilən mesajlardan biri odur ki, şəhərlər sadəcə binalardan və küçələrdən ibarət deyil, onlar xalqın tarixi yaddaşını, milli kimliyini və mədəni irsini yaşadan canlı məkanlardır.
Prezident nitqində Azərbaycanın müasir inkişaf modelini qədim tarix və milli irslə əlaqələndirərək göstərdi ki, urbanizasiya prosesi yalnız yeni tikililərin inşası ilə məhdudlaşmır. Müasir şəhərsalma insanların rahatlığını, təhlükəsizliyini, sosial rifahını və mədəni dəyərlərinin qorunmasını özündə birləşdirən geniş anlayışdır. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələrinin arxasında yalnız iqtisadi deyil, həm də humanitar və mədəni məqsədlərin dayandığını nümayiş etdirir.
Çıxışda Azərbaycanın müxtəlif bölgələrinin tarixindən gətirilən nümunələr ölkənin çoxəsrlik dövlətçilik ənənələrinin və zəngin sivilizasiya irsinin göstəricisi kimi təqdim olundu. Şamaxının Şirvanşahlar dövlətinin paytaxtı kimi qeyd edilməsi Azərbaycanın orta əsrlərdə regionun mühüm siyasi və mədəni mərkəzlərindən biri olduğunu bir daha xatırlatdı. Burada yerləşən qədim məscidin və Nəsiminin adının çəkilməsi isə Azərbaycanın yalnız siyasi deyil, həm də fəlsəfi və ədəbi düşüncə mərkəzi olduğunu göstərdi. Prezidentin bu nümunələri vurğulaması Azərbaycanın qədim islam mədəniyyətinə və Şərq intibahına verdiyi töhfələrin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı.
Naxçıvan haqqında səsləndirilən fikirlər də xüsusi diqqət çəkdi. XII əsrin dahi memarı Əcəmi Naxçıvaninin yaratdığı Möminə xatun türbəsinin xatırladılması Azərbaycan memarlıq məktəbinin qədim və zəngin ənənələrini nümayiş etdirdi. Bu abidə yalnız memarlıq nümunəsi deyil, həm də Azərbaycan xalqının estetik düşüncəsinin, mühəndislik bacarığının və mədəni təfəkkürünün simvoludur. Prezidentin nitqində belə nümunələrin yer alması ölkənin qədim irslə müasirliyi birləşdirmək siyasətinin göstəricisi idi.
Çıxışda Gəncə şəhərinin timsalında müasir inkişafla tarixi simanın qorunmasının harmoniyası ön plana çəkildi. Nizami Gəncəvinin vətəni olan Gəncənin bu gün sürətlə inkişaf etməsi ilə yanaşı, öz qədim memarlıq və mədəniyyət ənənələrini qoruması uğurlu şəhərsalma modelinin nümunəsi kimi təqdim olundu. Bu yanaşma müasir dünyanın bir çox şəhərlərində müşahidə olunan “tarixi simanın itirilməsi” probleminə alternativ model kimi qiymətləndirilə bilər. Azərbaycanda aparılan şəhərsalma siyasətində qədim irsin qorunması və yeni infrastrukturun yaradılması paralel şəkildə həyata keçirilir.
Qəbələ və Şəki ilə bağlı fikirlər isə Azərbaycanın multikultural və tolerant dəyərlərinin təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Qafqaz Albaniyası irsinin qeyd olunması və Şəki yaxınlığındakı qədim Kiş kilsəsinin dünyanın ən qədim dini abidələrindən biri kimi təqdim edilməsi göstərdi ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin tarix boyu birgə yaşadığı məkan olub. Bu mesaj xüsusilə beynəlxalq auditoriya üçün mühüm siyasi və mədəni məna daşıyırdı. Çünki müasir dünyada multikulturalizm və dini tolerantlıq qlobal müzakirə mövzularından biridir və Azərbaycan özünü bu dəyərləri qoruyan ölkə kimi təqdim edir.
Prezidentin Lahıc kəndi haqqında dediyi fikirlər çıxışın ən maraqlı hissələrindən biridir. On beş əsr əvvəl yaradılmış kanalizasiya və su sisteminin bu gün də işlək vəziyyətdə olması Azərbaycanın qədim mühəndislik və şəhərsalma ənənələrinin yüksək səviyyəsini göstərir. Bu fakt onu sübut edir ki, Azərbaycan ərazisində yaşayan insanlar əsrlər əvvəl belə yüksək şəhərsalma mədəniyyətinə malik olublar. Burada Prezident keçmişin yalnız tarixi xatirə deyil, həm də müasir inkişaf üçün örnək olduğunu vurğulayırdı.
Nitqin ən emosional və siyasi yükə malik hissəsi isə Şuşa haqqında oldu. “Qarabağın tacı” adlandırılan Şuşanın uzun illər işğal altında qalması nəticəsində şəhərin tarixi abidələrinin dağıdılması, daha sonra isə yenidən bərpası Azərbaycanın milli yaddaşında xüsusi yer tutur. Prezidentin Şuşanın “sıfırdan yenidən qurulması” barədə dediyi fikirlər təkcə şəhərin fiziki bərpasını deyil, həm də milli ruhun, tarixi ədalətin və mədəni irsin yenidən dirçəldilməsini ifadə edir.
Çıxışda Qız qalasının xüsusi vurğulanması da təsadüfi deyildi. Bakının simvolu hesab edilən bu abidə Azərbaycanın qədim şəhərsalma ənənələrinin və memarlıq mədəniyyətinin ən parlaq nümunələrindən biridir. Prezident qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu müxtəlif işğallara, dağıntılara və çətinliklərə baxmayaraq, öz tarixi irsini qoruyub saxlamağı bacarıb. Bu fikir xalqın milli yaddaşının və mədəni özünüdərkinin güclü olduğunu göstərir.
Prezident İlham Əliyevin çıxışı göstərdi ki, Azərbaycan üçün şəhərlər yalnız iqtisadi və inzibati mərkəzlər deyil, həm də milli ruhun, tarixi yaddaşın və mədəni kimliyin qorunduğu məkanlardır. Bu baxımdan WUF13-də səsləndirilən fikirlər həm şəhərsalma siyasətinin istiqamətlərini, həm də Azərbaycanın öz keçmişinə və gələcəyinə baxışını əks etdirən mühüm siyasi mətn kimi qiymətləndirilə bilər.
Anar Fərəcov
BDU-nun Filologiya fakültəsinin dekan müavini

11:02 21.05.2026
Oxunuş sayı: 68