Türk dünyasında inteqrasiyanın praktik mərhələsi başlayır
Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə artan geosiyasi və iqtisadi çəkisi təşkilata üzv ölkələr arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Xüsusilə, Orta Dəhlizin strateji əhəmiyyətinin yüksəlməsi, nəqliyyat-logistika marşrutlarının genişlənməsi və rəqəmsal transformasiya istiqamətində atılan addımlar Türk dövlətlərini Avrasiya məkanında mühüm iqtisadi platformaya çevirir.
Qazaxıstanlı ekspert Rizzat Tasımın fikrincə, Türküstanda keçirilən sammit TDT ölkələrinin tarixi və mədəni yaxınlığını praktiki iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.
O hesab edir ki, süni intellekt, rəqəmsallaşma və vahid ticarət standartlarının tətbiqi təşkilata üzv ölkələr arasında ticarətin sürətlənməsinə, bürokratik maneələrin azalmasına və regionun qlobal iqtisadi sistemdə rolunun güclənməsinə xidmət edəcək.
Məsələ ilə bağlı tarixçi-türkoloq Faiq Ələkbərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Biz dəfələrlə qeyd etmişik ki, artıq Türk dünyası və Türk Dövlətləri Təşkilatı nəzəriyyədən praktik mərhələyə keçməlidir. Əməli fəaliyyət bütün sahələrdə özünü göstərməlidir. Ortaq əlifba, ortaq ordu, ortaq valyuta kimi məsələlərdə konkret və praktik addımlar atılması vacibdir.
Xüsusilə, ortaq ordunun formalaşdırılması istiqamətində real təşəbbüslərin ortaya qoyulmasına ehtiyac var.
Artıq ideya və nəzəri müzakirələrdən fəaliyyət mərhələsinə keçmək zamanıdır. Bu cür fikirlərin səsləndirilməsi özü də müsbət haldır.
Görürük ki, həm Azərbaycanda, həm Türkiyədə, həm də Qazaxıstanda bu istiqamətdə çağırışlar və təşəbbüslər getdikcə daha çox gündəmə gəlir".
Elmir Heydərli
16:43 15.05.2026
Oxunuş sayı: 47