Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlığın genişlənməsi gözlənilir
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld azərbaycanlı jurnalistlərlə vida görüşündə bildirib ki, Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün yeni perspektivli istiqamətlər mövcuddur.
"2025-ci ilin dekabrında Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker Azərbaycana səfər edib. O, müdafiə naziri, müdafiə qurumlarının bir sıra yüksək vəzifəli nümayəndələri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlər keçirib.
Daha sonra, 2026-cı ilin əvvəlində Azərbaycan nümayəndə heyəti Londona səfər edib. Səfər çərçivəsində müdafiə sənayesi naziri Vüqar Mustafayev və müdafiə nazirinin müavini Aqil Qurbanov qəbul olunub. Müzakirələrin bir hissəsi hərbi sahədə və müdafiə sənayesi kompleksində əməkdaşlığın inkişafına həsr olunub", - Auld deyib.
Səfir həmçinin xatırladıb ki, bir neçə ay əvvəl Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya Müdafiə Nazirliyi 2026/27-ci illəri əhatə edən ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu sənəd daha dərin strateji tərəfdaşlığa keçidi təsdiqləyir.
"Biz həm də görürük ki, müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirə biləcəyimiz yeni perspektivli istiqamətlər mövcuddur," - Auld əlavə edib.
Böyük Britaniya və Azərbaycan arasında münasibətlər müdafiə və təhlükəsizlik sahəsində dinamik inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əməkdaşlıq artıq yalnız diplomatik çərçivə ilə məhdudlaşmayaraq, hərbi-texniki və müdafiə sənayesi istiqamətlərini də əhatə edən strateji tərəfdaşlıq xəttində genişlənir. Qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və 2026/27-ci illəri əhatə edən əməkdaşlıq planı bu münasibətlərin sistemli və davamlı xarakter aldığını təsdiqləyir.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq kifayət qədər yüksək səviyyədədir: "Əməkdaşlığımızın genişlənməsi üçün də ciddi perspektivlər mövcuddur. Britaniyanın Azərbaycandakı səfiri ölkəmizdəki fəaliyyəti də kifayət qədər məhsuldar olub. Mənim bir neçə dəfə onunla Azərbaycan və Britaniya arasındakı əməkdaşlıq məsələlərini müzakirə etmişik. Əlbəttə ki, Britaniya Azərbaycanın ənənəvi müttəfiq ölkələrindən biridir. Münasibətlərimiz yüksək səviyyədədir və bu münasibətlərin daha üst səviyyəyə çıxarılması üçün potensiala sahibik. Azərbaycan və Britaniya arasında münasibətlərin kifayət qədər qədim tarixi var. Britaniya Azərbaycanın müstəqilliyini həm dəil tanıyan və Azərbaycanla əməkdaşlığa üstünlük verən dövlətlərdəndir. Hazırda münasibətlərimiz strateji xarakter daşıyır və əsasən enerji sahəsində, mina təmizləmə proseslərində Azərbaycanla Britaniya arasında əməkdaşlıq uğurlu şəkildə davam edir. Hesab edirəm ki, digər sahələrdə, xüsusilə də hərbi-texniki sahədə, müdafiə və təhlükəsizlik sektorunda da əməkdaşlıq üçün kifayət qədər perspektivlərimiz mövcuddur. Gələcəkdə də bu sahədə əməkdaşlığımızın genişləndirilməsi gözləniləndir".
Mehriban Yariyeva
21:04 14.05.2026
Oxunuş sayı: 116