Yalçın Rəfiyev: Azərbaycan Aİ ilə əməkdaşlığına xüsusi əhəmiyyət verir
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığına xüsusi əhəmiyyət verir. Biz Avropa İttifaqı ilə əməkdaşlığı xarici siyasətimizdə mühüm tərəfdaşlıq istiqaməti kimi qiymətləndiririk. Son illərdə dialoqumuzda yeni və müsbət dinamikanı məmnunluqla qarşılayırıq.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Avropa Günü” münasibətilə təşkil olunan mərasimdə deyib.
“Bu dinamikanın ən mühüm göstəricilərindən biri son dövrlərdə yüksək səviyyəli təmasların intensivləşməsidir. Bu baxımdan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya son uğurlu səfəri və səfər çərçivəsində qəbul olunmuş birgə mətbuat bəyanatı xüsusilə əhəmiyyətli olmuşdur. Həmin bəyanat əməkdaşlığın geniş sahələr üzrə gücləndirilməsinə dair ortaq öhdəliyimizi bir daha təsdiqlədi və Azərbaycan–Aİ münasibətlərinin növbəti mərhələsi üçün aydın siyasi mesaj verdi.
Qeyd olunan səfərlə yanaşı, Prezident İlham Əliyevin Antonio Koşta və Avropa Komissiyası Prezidenti Ursula von der Leyen ilə görüşləri, Ali Nümayəndə Kaya Kallasın Bakıya səfəri, Genişlənmə üzrə Komissar Marta Kosun, o cümlədən azad edilmiş ərazilərimizə səfəri, həmçinin təhlükəsizlik, enerji və nəqliyyat sahələrində yüksək səviyyəli dialoqlar hər iki tərəfin bu tərəfdaşlığın dəyərini yaxşı anladığını göstərir.
Biz inanırıq ki, bu müsbət siyasi dinamika hər iki tərəf üçün faydalı olacaq praktiki nəticələrə, əməkdaşlığa və layihələrə çevrilməlidir”,- Yalçın Rəfiyev bildirib.(APA)
20:00 14.05.2026
Oxunuş sayı: 47