Rusiya yenidən 3+3 platformasını gündəmə gətirməkdə əsas məqsədi açıqlanıb
Rusiyanın “3+3” formatına marağı ilk növbədə Cənubi Qafqazda təsir imkanlarını qoruyub saxlamaq niyyəti ilə bağlıdır. Moskva hesab edir ki, regiondakı problemlərin məhz regional ölkələr çərçivəsində müzakirəsi ABŞ və Avropa Birliyi kimi Qərb aktorlarının bölgədə fəallaşmasının qarşısını ala bilər.
Bu baxımdan, Rusiyanın xarici işlər naziri müavini Mixail Qaluzin tərəfindən “3+3” formatının qorunmasının vacibliyinin vurğulanması təsadüfi sayılmır. Çünki son illərdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Rusiyanın əvvəlki dominant rolu zəifləyib, Qərb isə regionda daha fəal mövqe tutmağa başlayıb.
Moskva “3+3” platformasını aktiv saxlamaqla həm regional proseslərdə iştirakını davam etdirmək, həm də Cənubi Qafqazın gələcək geosiyasi düzənində söz sahibi olmaq istəyir. Xüsusilə Orta Dəhliz, Zəngəzur marşrutu və enerji-logistika layihələri fonunda regionun strateji əhəmiyyəti artdığı üçün Rusiya bu platformanı öz maraqları baxımından vacib mexanizmlərdən biri hesab edir.

Mövzu ilə bağlı politoloq Natiq Miri Crossmedia.az-a açıqlama verib: ““3+3” təşəbbüsü Azərbaycan və Türkiyənin təklifi olaraq ortaya çıxmışdı. Bu, 2020-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başladığı dövrə təsadüf edirdi. Həmin kontekstdə Azərbaycan və Türkiyə münaqişənin beynəlxalq hüquq və ədalət çərçivəsində həllini təmin etmək məqsədilə belə bir təşəbbüslə çıxış etdilər. Bu təşəbbüsün əsas mahiyyəti ondan ibarət idi ki, münaqişə regional problem kimi qəbul olunsun və region ölkələrinin iştirakı ilə həll edilsin. Yəni tamamilə məntiqli və ədalətli bir təklif idi. Maraqlıdır ki, həmin dövrdə Cənubi Qafqazda əsas vasitəçi və problemin həllində dominant ölkə Rusiya olduğuna görə bu təşəbbüsə ciddi əhəmiyyət verilmədi. Halbuki məhz 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat atəşkəsə gətirib çıxardı və Rusiya ordusu həmin bəyanatın müddəalarına uyğun olaraq Qarabağa yerləşdirildi. O zaman Rusiya hesab edirdi ki, bu vəziyyət uzunmüddətli, hətta daimi olacaq və Moskva bir daha öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmayacaq. Yəni Rusiya Qarabağa regionda hərbi mövcudluğunu uzun illər qorumaq niyyəti ilə gəlmişdi”.
Politoloq əlavə edib ki, Rusiya 10 noyabr bəyanatından irəli gələn öhdəliklərini tam şəkildə yerinə yetirmədi: “Əgər həmin dövrdə “3+3” platforması çərçivəsində regional ölkələr beynəlxalq hüquqa uyğun şəkildə problemin həllinə dəstək versəydilər, Ermənistanın işğalçı qüvvələrinin Qarabağdan çıxarılması təmin olunsaydı, məsələ daha tez həll edilə bilərdi və Rusiya da regionda həlledici aktor statusunu müəyyən mənada qoruyardı. Lakin proses Rusiyanın gözlədiyi kimi inkişaf etmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etdi, 2023-cü ildə keçirilən antiterror əməliyyatı ilə separatizmin kökü kəsildi və bütün Qarabağ ərazisində Azərbaycanın suveren hüquqları tam bərpa olundu. Nəticə etibarilə, Rusiya qoşunları Qarabağı tərk etmək məcburiyyətində qaldılar. Yəni zamanında üzərinə düşən məsuliyyəti yerinə yetirməyən Rusiya, artıq regiondakı mövqelərini itirməyə başladıqdan sonra yenidən “3+3” platformasının aktivləşdirilməsini gündəmə gətirir. Bunu niyə edirlər? Çünki artıq 2020-ci ildəki kimi dominant və həlledici Rusiya yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Rusiyanın vasitəçiliyi ilə baş vermədi. Problemlərin həlli tədricən ikitərəfli formatda, Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar çərçivəsində inkişaf etdi. Bu gün Rusiya şikayət edir ki, regiona uzaq ölkələr müdaxilə edir. Halbuki bu vəziyyətin yaranmasının əsas səbəbi regionda yaranmış boşluq idi. Çünki Rusiya üzərinə düşən öhdəlikləri yerinə yetirmədi və münaqişənin ədalətli həllinə nail olmadı. Əksinə, uzun illər ərzində münaqişədən təsir vasitəsi kimi istifadə etməyə çalışdı. Bu gün isə vəziyyət tamamilə dəyişib. Artıq regionda yalnız Rusiyanın dominantlığı yoxdur. Güclü Türkiyə faktoru mövcuddur. ABŞ və Avropa Birliyi də Orta Dəhliz və Zəngəzur istiqamətində həyata keçirilən layihələr vasitəsilə regionda daha fəal iştirak etməyə çalışırlar”.
N.Miri əlavə edib ki, Orta Dəhlizin açılması məsələsi artıq qlobal iqtisadi və geosiyasi layihəyə çevrilib: “ABŞ regionda təsir imkanlarını artırmağa çalışır. Avropa Birliyi də Ermənistan üzərindən bölgədə mövcudluğunu gücləndirmək və Orta Dəhliz layihəsində iştirak etmək niyyətini açıq şəkildə ortaya qoyub. Hətta bu istiqamətdə investisiya planları da müzakirə olunur. Məhz belə bir şəraitdə, Cənubi Qafqazdan sıxışdırıldığını görən Rusiya yenidən “3+3” platformasını xatırlayır. Çünki bu platforma aktivləşərsə, regiondakı problemlərin yalnız regional dövlətlər tərəfindən həll olunması ideyası ön plana çıxacaq və bu da ABŞ ilə Avropa Birliyinin təsir imkanlarını məhdudlaşdıra bilər. Ancaq burada vacib bir sual yaranır: Azərbaycanın Qarabağ problemi davam etdiyi dövrdə və Bakı ilə Ankara bu təşəbbüsü irəli sürdüyü zaman niyə Rusiya region problemlərinin regional həllinə real dəstək vermədi? Bu gün isə həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistan əvvəlki dövrdən fərqli siyasi reallıq içindədir. Ermənistan belə artıq öz suverenliyini qorumağa çalışır və tam şəkildə Rusiyanın təsir dairəsində qalmaq istəmir. Digər tərəfdən, Cənubi Qafqazın əsas güc və sabitlik faktorlarından biri olan Azərbaycan da müstəqil siyasət yürüdür və heç bir xarici gücün diktəsi ilə hərəkət etmək niyyətində deyil. Məhz buna görə də regionla bağlı təkliflərin vaxtında və düzgün qiymətləndirilməsi vacib idi. Bu gün diqqət çəkən məqamlardan biri də odur ki, artıq nə Türkiyə, nə də Azərbaycan “3+3” platformasının əvvəlki qədər fəal şəkildə gündəmə gətirilməsində maraqlı görünür. Çünki Azərbaycan və Türkiyə regionda yaranmış problemlərin böyük hissəsini öz siyasi və hərbi imkanları hesabına həll etməyə nail oldular və bu prosesi davam etdirirlər”.
Ayhan
19:24 14.05.2026
Oxunuş sayı: 53