BƏƏ neft anbarları ətrafında dronlara qarşı müdafiə sistemləri qurur
Birləşmiş Ərəb Əmirlikləri enerji infrastrukturunu pilotsuz uçuş aparatlarının mümkün hücumlarından qorumaq məqsədilə yeni müdafiə tədbirlərinə başlayıb.
Crossmedia.az xəbər verir ki, “The War Zone” nəşrinin məlumatına görə, ölkə neft anbarları və strateji enerji obyektləri ətrafında böyük ölçülü metal özünü müdafiə qəfəsləri qurur. Bu konstruksiyaların əsas məqsədinin dron və raket hücumlarının təsirini minimuma endirmək olduğu bildirilir.
Məlumata əsasən, bu addım son illərdə regionda artan gərginlik və enerji obyektlərinə yönələn hücum risklərinin yüksəlməsi fonunda atılıb.
İsrailin "i24NEWS" tərəfindən Dubay Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən neft çənlərinin ətrafında artıq bu tip qoruyucu strukturların qurulduğunu əks etdirən görüntülər yayıldığı iddia edilir.
Şəkillərdə bəzi yanacaq çənlərinin tam metal konstruksiya ilə örtüldüyü, digər obyektlər üçün isə əlavə müdafiə sistemlərinin inşa edildiyi görünür.
18:38 14.05.2026
Oxunuş sayı: 44