Azərbaycanla Türkmənistan arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova Buxarada Türkmənistan Məclisinin sədri ilə görüşüb
Bu barədə Crossmedia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edən Sahibə Qafarova burada Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Tərəflər dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər.
Söhbət zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyətindən danışılaraq, onun qadınların ictimai-siyasi həyatda iştirakının artırılması, müxtəlif ölkələrin qadın parlamentariləri arasında əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynadığı vurğulanıb. Sahibə Qafarova Forumun qadınların qərarqəbuletmə proseslərində rolunun gücləndirilməsinə, eləcə də iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafına və regional həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Parlamentlərarası münasibətlər barədə danışan Sahibə Qafarova bu sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Qeyd olunub ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və parlamentlər beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlıq edirlər.
Dünyagözəl Qulmanova da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsini qeyd edərək, qarşılılıqlı səfərlərin və sıx təmasların münasibətlərin daha da dərinləşməsinə töhfələrini vurğulayıb.
Görüşdə beynəlxalq və regional platformalarda əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18:25 14.05.2026
Oxunuş sayı: 40