Daşkənddə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü yad edilib
Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Heydər Əliyev parkında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM) təşkilatçılığı ilə müasir Azərbaycanın memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
RAzMMM-in sədri Mobil Məmmədov çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin bu gün də Azərbaycanın dayanıqlı inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm istiqamətverici rol oynadığını vurğulayıb. O, Özbəkistan rəhbərliyinə millətlərarası həmrəyliyin və tarixi yaddaşın qorunmasına göstərilən diqqətə görə təşəkkür edib, Daşkənddəki Heydər Əliyev adına parkın isə iki qardaş ölkə arasındakı möhkəm dostluq və strateji tərəfdaşlığın rəmzi olduğunu bildirib.
Digər natiqlər görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət quruculuğu və sabitlik, sülh və tərəqqi ideyalarının təşviqinə verdiyi müstəsna töhfələrdən bəhs ediblər.
17:45 14.05.2026
Oxunuş sayı: 44