Türk Dövlətləri Təşkilatında qarşılıqlı ticarət 30 milyard dollara çata bilər – ekspert
Türkiyənin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə illik ticarət dövriyyəsinin 17 milyard dollara yaxınlaşması iqtisadi inteqrasiyanın dərinləşdiyini göstərən mühüm göstəricilərdən biridir.
Bu ticarət əlaqələrinin əsasını enerji resursları, sənaye məhsulları, kənd təsərrüfatı malları, logistika və nəqliyyat xidmətləri təşkil edir.
Xüsusilə, Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrlə enerji, tranzit və ixrac əməkdaşlığı son illərdə daha da genişlənib.
Ekspertlərin fikrincə, mövcud göstəricilər TDT məkanında iqtisadi əməkdaşlıq potensialının yalnız müəyyən hissəsini əks etdirir. Çünki üzv dövlətlərin ümumi iqtisadi və ticarət imkanları daha genişdir. Bu baxımdan, yaxın perspektivdə ticarət dövriyyəsinin artacağı proqnozlaşdırılır.
Xüsusilə, Orta Dəhlizin tam gücü ilə fəaliyyətə başlaması, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal ödəniş sistemlərinin inteqrasiyası və qarşılıqlı investisiyaların artması ticarət həcminin daha da yüksəlməsinə ciddi təkan verə bilər.
Mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Crossmedia.az-a açıqlama verib:

“Bu dövriyyə artan dinamika ilə davam edir. Belə ki, əgər on il əvvəl üzv dövlətlər arasında ticarət dövriyyəsi 10 milyard dollar idisə, hazırda bu göstərici 17 milyard dollara qədər yüksəlib. Bu isə əməkdaşlığın mərhələli şəkildə genişləndiyini göstərir.
Eyni zamanda, burada böyük potensial da mövcuddur. Çünki üzv dövlətlərin ümumi xarici ticarət dövriyyəsi 650 milyard dollardan çoxdur və bunun fonunda 17 milyard dollarlıq qarşılıqlı ticarət hələ də nisbətən aşağı göstərici hesab olunur.
Bu baxımdan, gələcəkdə artım imkanları kifayət qədər genişdir. Qeyd edim ki, hazırda türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 370 milyard dollara çataraq qlobal ticarətin təxminən 0,4 faizini təşkil edir. Bu da həmin ölkələrin dünya iqtisadiyyatındakı payı ilə müqayisədə iki dəfə yüksək göstərici sayılır”.
Ekspert əlavə edib ki, qarşılıqlı ticarət dövriyyəsinin yaxın perspektivdə 17 milyard dollardan 25-30 milyard dollara çatdırılması tam realdır:
“Lakin bunun üçün Orta Dəhlizin tam şəkildə fəaliyyətə başlaması, ödəniş sistemlərinin inteqrasiyası, eləcə də gömrük prosedurlarının sadələşdirilməsi həlledici rol oynayacaq”.
Ayhan
16:07 13.05.2026
Oxunuş sayı: 61