Mineral sularda illik 33% artım – qiymət artımı nə ilə izah olunur?
“Sirab” suyunun qiymətində son dövrlərdə müşahidə olunan artım istehlakçılar arasında haqlı suallar doğurur. Ötən ilin fevralında 90 qəpikdən 1.05 manata yüksələn məhsulun hazırda bəzi satış nöqtələrində 1.20 manata təklif olunması, təxminən bir il ərzində 33 faizlik bahalaşma deməkdir.
Rəqəmlər fonunda bu artımın səbəbləri barədə şirkət tərəfindən ictimaiyyətə açıq və əsaslandırılmış açıqlamanın verilməməsi isə narahatlığı daha da artırır.
İstehlak bazarında qiymət artımları müxtəlif iqtisadi amillərlə — istehsal xərcləri, logistika, enerji daşıyıcıları və ümumi inflyasiya ilə izah oluna bilər.
Lakin bu amillərin hər biri konkret şəkildə açıqlanmadıqda, qiymət dəyişiklikləri cəmiyyətdə sual işarələri yaradır.
Xüsusilə, gündəlik istehlak məhsulu olan mineral su kimi geniş kütlənin istifadə etdiyi məhsullarda bu tip artımlar daha həssas qarşılanır.
Məsələ yalnız qiymətin artması deyil, həm də bu artımın şəffaf şəkildə əsaslandırılmamasıdır. İstehlakçı üçün aydın olmayan qiymət dəyişiklikləri bazarda etimadı zəiflədir və “bahalaşma zərurətdənmi, yoxsa əlavə qazanc marağındanmı qaynaqlanır?” sualını aktuallaşdırır. Bu sualın yaranması isə təkcə bir şirkətə deyil, ümumilikdə bazar mexanizmlərinə olan inama da təsir göstərir.
Mövzu ilə bağlı iqtisadçı Fuad İbrahimov Crossmedia.az-a açıqlama verib:

“Ümumilikdə biz 2015-2016-cı illəri diqqətə alsaq, suyun qiyməti — söhbət “sirab” dan gedir — o dövrdə təxminən 50 qəpik idi. İndi isə 1 manat 20 qəpiyə qalxıb. Bu, 100 faizdən də artıq bir artımdır.
Yəni burada demək olar ki, yerli istehsal məhsullarının qiymətində ciddi bahalaşma var. İndi başa düşdüyümüz qədər, idxal etdiyimiz məhsullarda da dünya bazarlarında bahalaşma var.
Amma yerli istehsalda da elektrik enerjisinin qiymətləri bu müddətdə qalxıb, dizel tipli yanacağın da bir neçə dəfə qiyməti artıb. Bu da bilirsiniz ki, topdan və pərakəndə satış məntəqələrinə daşınmaların həyata keçirildiyi avtomobillərə təsir edir”.
İqtisadçı əlavə edib ki, bunları başa düşürük:
“Amma bu qədər bahalaşma, əlbəttə ki, olmamalıdır. İndi biz sual veririk: bu qanunidirmi? Bilirsiniz, elə kateqoriya ərzaq növləri var ki, dövlət və hökumət bunu nəzarətdə saxlayır. Məsələn, çörəkdir, qənddir, şəkərdir, yumurtadır. Yəni bunlar strateji və həssas məhsullar sayılır. Çünki bunlar hər kəsə təsir edir — varlıya da, kasıba da. Hamının gündəlik istehlak etdiyi məhsullardır. Bu məhsullar nəzarətdə saxlanılır.
Amma digər məhsullar, məsələn, şirələr, sular və bu tip məhsullar artıq azad bazar münasibətləri çərçivəsində qiymət formalaşmasına buraxılır. Burada isə sahibkarlar bundan öz xeyirlərinə istifadə edirlər.
Nəzarət mexanizmi zəif olduqda həm sahibkarlar, həm də şəbəkələr bu vəziyyətdən məharətlə yararlanırlar. Nəticədə vətəndaş alır və aparır — qiymət formalaşması da belə yaranır. Əslində qiyməti tələbat müəyyən edir. Görürlər ki, məhsul alınır, onlar da bundan istifadə edirlər, ticarət qaydaları çərçivəsində qiyməti artırırlar. Əgər vətəndaşların alıcılıq qabiliyyəti tam aşağı düşsə və bu məhsullar alınmasa, məcbur olub qiyməti endirəcəklər.
Əslində məsələ ondadır ki, mineral su qablaşdırılıb satılır, amma burada 1 manat 20 qəpiyə qədər qiymət formalaşmasının nə qədər əsaslı olduğu sual doğurur. Əlbəttə ki, şişirdilmiş qiymətdir. Amma tələbata uyğun olaraq bazara təqdim olunur və təəssüf ki, istehlakçılar da bunu qəbul edib alırlar. Belə bir mənzərə yaranır. Yəni proses qanuni bazar mexanizmləri ilə gedir, amma qiymət formalaşması tam olaraq tələbat və bazar şərtlərinə uyğun şəkildə baş verir. Vəziyyət budur, acınacaqlıdır amma budur”.
Ayhan
14:15 08.05.2026
Oxunuş sayı: 70