Azərbaycan investorların diqqət mərkəzinə necə çevrilir?
Azərbaycanda son illər formalaşan iqtisadi və siyasi sabitlik ölkəni regionun ən cəlbedici investisiya məkanlarından birinə çevirib.
Xüsusilə, beynəlxalq maliyyə institutlarının və investorların diqqət mərkəzində olan Azərbaycan enerji ilə yanaşı, qeyri-neft sektorunda da geniş imkanlar təqdim edir.
ICIEC-in “Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var” açıqlaması da ölkədə müxtəlif sahələr üzrə davam edən inkişafın və əlverişli biznes şəraitinin göstəricisi hesab olunur.
Bu perspektivli mühit xüsusilə enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar, sənaye, turizm və yaşıl iqtisadiyyat kimi strateji istiqamətləri özündə birləşdirir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:
“ICIEC - yəni İslam İnkişaf Bankı Qrupunun İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə Korporasiyası Azərbaycanı risk səviyyəsi aşağı, gəlirlilik potensialı yüksək bazar kimi görür. Onların "perspektivli mühit" deməsinin arxasında bir neçə konkret sahə dayanır.
Birincisi enerji keçidi və yaşıl enerji. Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan olunub. Külək və günəş potensialı böyükdür. Xızı-Abşeron, Qaradağ Günəş Elektrik Stansiyası, Cəbrayılda BP ilə günəş layihəsi artıq başlayıb.
Xəzərdə dəniz külək enerjisi üçün 157 giqavat texniki potensial hesablanıb. ICIEC kimi qurumlar bu layihələrə sığorta və zəmanət verməklə ərəb və körfəz investorunu cəlb edir.
İkincisi nəqliyyat və logistika. Orta Dəhliz Çin-Avropa yükünün Rusiyadan yan keçən əsas marşrutu olur. Bakı-Tbilisi-Qars, Ələt limanı, Zəngəzur dəhlizi perspektivi, Qırmızı Körpü gömrük terminalı, hava kargo qovşağı kimi layihələr var.
ICIEC yüklərin sığortalanması, liman və dəmiryolu infrastrukturuna investisiya üçün zəmanət verir. Azərbaycan tranzitdən təkcə xidmət haqqı yox, anbar, qablaşdırma, istehsal zənciri qurmaq istəyir.
Üçüncüsü kənd təsərrüfatı və aqro-sənaye. İşğaldan azad olunmuş ərazilərdə 1 milyon hektara yaxın əkin sahəsi dövriyyəyə qayıdır. Suvarma kanalları bərpa olunur. Taxıl, pambıq, üzüm, meyvə-tərəvəz, heyvandarlıq üçün klasterlər yaradılır. ICIEC İslam ölkələrinə ərzaq ixracını sığortalayır. Azərbaycan ət, süd, meyvə ixracını artırıb körfəz bazarına çıxmaq istəyir. Aqropark, soyuducu anbar, emal müəssisələri üçün investisiya cəlbedicidir.
Dördüncüsü sənaye və azad iqtisadi zonalar. Ələt Azad İqtisadi Zonası, Sumqayıt Kimya Sənaye Parkı, Pirallahı, Ağdam Sənaye Parkları vergi və gömrük güzəştləri verir.
Neft-kimya, gübrə, dərman, tikinti materialları, maşınqayırma, qablaşdırma sahəsində xarici şirkətlər yerləşir. ICIEC bu zonalardakı layihələrə siyasi risk sığortası təklif edir ki, investor "müharibə, inqilab, valyuta qadağası" riskindən qorunsun.
Beşincisi turizm və xidmət sektoru. Qarabağda ekoturizm, termal turizm, Şuşa, Kəlbəcər, Laçın istiqamətində otel və istirahət kompleksləri tikilir”.
Ekspert əlavə edib ki, Bakıda tibbi turizm, tədbir turizmi güclənir:
“ICIEC otel və infrastruktur layihələrinin maliyyələşməsinə zəmanət verir.
Altıncısı rəqəmsal iqtisadiyyat və texnologiya. Dövlət "Digital.Az" strategiyası ilə İT parklar, startap üçün vergi tətili, fintech lisenziyaları verir. İslam ölkələrindən fintech, islami bankçılıq, kibertəhlükəsizlik sahəsində tərəfdaşlıq axtarılır.
ICIEC rəqəmsal layihələrin ixracını da sığortalayır.
Yeddincisi tikinti və bərpa. Qarabağda şəhərlər, kəndlər, yollar, tunellər, hava limanları sıfırdan tikilir. Türkiyə, İsrail, İtaliya, körfəz şirkətləri podratçı kimi işləyir. ICIEC podrat müqavilələrinə və avadanlıq ixracına sığorta verir.
Qısası ICIEC-in dediyi "perspektivli mühit" enerji keçidi, logistika, aqro-sənaye, sənaye parkları, turizm, rəqəmsal xidmətlər və Qarabağın bərpası sahələrini əhatə edir.
Bu sahələrdə dövlət zəmanəti, güzəştli rejim və beynəlxalq sığorta alətləri birləşdiyi üçün xarici investor üçün risk az, çıxış imkanı çox görünür”.
Ayhan
13:15 08.05.2026
Oxunuş sayı: 76