Papuaşvili: Aİ-nin müdaxiləsi qarşıdurmanı dərinləşdirir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Papuaşvili Aİ-nin ölkədəki səfiri Pavel Herçinskiyə ünvanladığı açıq məktubda Brüsselin Tbilisiyə münasibətdə siyasətini sərt tənqid edib.
O bildirib ki, Avropa İttifaqının “ədalətsiz qətnamələri” və davamlı müdaxilələri həm ölkə daxilində siyasi qarşıdurmanı dərinləşdirir, həm də Gürcüstanla Aİ arasındakı münasibətlərə mənfi təsir göstərir.
Parlament sədri məktubunda Gürcüstanın İkinci Dünya müharibəsindəki roluna da diqqət çəkib. O qeyd edib ki, “Gürcü xalqı digər antifaşist xalqlarla birlikdə olmasaydı, nə faşizm üzərində qələbə qazanılardı, nə də Avropa İttifaqı və Avropa Günü mövcud olardı”.
Papuaşvili həmçinin Aİ səfirinin ötən il Avropa Günü ilə bağlı çıxışını da tənqid edib. Onun sözlərinə görə, həmin çıxışda İkinci Dünya müharibəsinin başa çatmasının ildönümünə toxunulmayıb, əsas diqqət isə ev sahibi ölkə ilə siyasi fikir ayrılıqlarına yönəlib.
13:12 08.05.2026
Oxunuş sayı: 42