Qida təhlükəsizliyi sahəsində boşluqlar haradan qaynaqlanır? – ekspert xəbərdarlıq edir
Bakıda əyləncə və ictimai iaşə obyektlərində aşkarlanan nöqsanlar bir daha qida təhlükəsizliyi sahəsində nəzarət mexanizmlərinin vacibliyini gündəmə gətirib.
Mütəxəssislər hesab edir ki, bəzi obyektlərdə sanitariya qaydalarına laqeyd yanaşılması, məhsulların düzgün saxlanmaması və vaxtında yoxlanılmaması həm istehlakçı sağlamlığı, həm də xidmət sektorunun etibarı üçün ciddi risk yaradır.
Səbail rayonunda yerləşən “Hayal Kahvesi”ndə aparılan son yoxlama zamanı da məhz bu problemlər üzə çıxıb. Yararlılıq müddəti bitmiş məhsulların istifadəsi, etiketlənməyən qidaların dövriyyəyə buraxılması və gigiyena standartlarının pozulması göstərir ki, bəzi iaşə obyektlərində nəzarət sistemi yetərincə effektiv qurulmayıb.
Ekspertlər bildirirlər ki, belə halların əsas səbəbləri arasında məsuliyyətsizlik, qənaət məqsədilə keyfiyyət standartlarından yayınma və sanitariya qaydalarına formal yanaşma dayanır.
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Ümumiyyətlə, cəmiyyətdə və həyatda hər hansı bir xaos, nizamsızlıq və ya problem yaranırsa, onun kökünü ilk növbədə qanunvericilikdə axtarmaq lazımdır. Çünki cəmiyyətləri fərdlərdən daha çox qanunlar idarə edir. Bəşəriyyət tarixinin ən böyük kəşflərindən biri də məhz insanların qanunları formalaşdırması olub.
Bu gün Azərbaycanda qida təhlükəsizliyi və istehlakçı hüquqları ilə bağlı problemlərin əsas səbəblərindən biri də qanunvericilik bazasının zəifliyi və istehlakçı maraqlarının arxa planda qalmasıdır.
1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunsa da, sonrakı dəyişikliklərin əksəriyyəti istehlakçının deyil, daha çox sahibkarlıq subyektlərinin maraqlarına xidmət edib.
2018-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılarkən cəmiyyətdə böyük ümidlər yaranmışdı. İstehlakçılar düşünürdü ki, artıq bu sahədə dövlət nəzarəti güclənəcək və problemlər minimuma enəcək.
Lakin praktikada məlum oldu ki, agentliyin operativ və çevik yoxlama mexanizmləri yetərli deyil. Mövcud prosedurlar yoxlamaların əvvəlcədən xəbərdarlıq edilməsini tələb edir ki, bu da real nəzarətin effektivliyini azaldır. Əslində isə bu, yoxlamadan çox, yoxlamanın imitasiyasını xatırladır.
Əlbəttə, biznes subyektlərinin əsassız yoxlamalarla yüklənməməsi vacibdir və bu, normal yanaşmadır. Çünki korrupsiya və rüşvət halları son nəticədə yenə də istehlakçının cibinə təsir edir.
Amma söhbət qida təhlükəsizliyindən gedirsə, burada nəzarət orqanlarının səlahiyyətləri daha geniş və çevik olmalıdır. Qida Təhlükəsizliyi Agentliyi istənilən vaxt obyektlərdə yoxlama aparmaq imkanına malik olmalıdır. Çünki bu gün planlı və əvvəlcədən xəbər verilmiş yoxlamalarda belə ciddi nöqsanlar aşkarlanırsa, xəbərdarlıq edilmədən aparılan monitorinqlərdə daha ağır mənzərənin ortaya çıxacağı istisna deyil.
Tibb tarixində Hippokratın məşhur “İnsan nə yeyirsə, odur” fikri bu gün də aktuallığını qoruyur. Uzunömürlülük göstəricilərinə baxdıqda görünür ki, Azərbaycan bu sahədə ön sıralarda deyil və bu, qida keyfiyyəti ilə bağlı problemlərin cəmiyyətdə ciddi təsir yaratdığını göstərir.
Ölkədə ənənəvi olmayan heyvan ətlərinin dövriyyəsi ilə bağlı da ciddi narahatlıqlar mövcuddur. Qanunvericilikdə müəyyən tələblər olsa da, praktikada murdar olmuş və ya istifadəsi təhlükəli hesab edilən heyvan ətlərinin müxtəlif yollarla bazara çıxarıldığı barədə iddialar səslənir.
Bu hallarla bağlı hüquq-mühafizə orqanları müəyyən əməliyyatlar həyata keçirsə də, ictimai nəzarətin zəif olması problemin tam qarşısını almağa imkan vermir.
Bu məsələdə təkcə dövlət qurumlarının deyil, cəmiyyətin də məsuliyyəti böyükdür. İctimai nəzarət güclənməli, media və vətəndaş cəmiyyəti daha fəal iştirak etməlidir. Təəssüf ki, hazırda bir çox sahədə olduğu kimi, qida təhlükəsizliyi sahəsində də ictimai nəzarət qənaətbəxş səviyyədə deyil. Halbuki, istehlakçılar maariflənərsə və proseslərə aktiv şəkildə cəlb olunarsa, bu cür neqativ halların qarşısını almaq daha asan olar.
Qida Təhlükəsizliyi Agentliyi də fəaliyyətini yalnız inzibati nəzarətlə məhdudlaşdırmamalıdır. Qurum elə bir sistem formalaşdırmalıdır ki, istehlakçılar onun könüllü tərəfdaşına çevrilsin.
Bunun üçün media ilə əlaqələr gücləndirilməli, operativ reaksiya mexanizmləri qurulmalı və ictimaiyyətin məlumatlandırılması istiqamətində daha fəal iş aparılmalıdır. Cəmiyyətin dəstəyi olmadan qida təhlükəsizliyi sahəsində effektiv nəticələr əldə etmək mümkün deyil".
Elmir Heydərli
11:45 08.05.2026
Oxunuş sayı: 45