Qurban əti necə bölünməlidir? - İzah
Qurban bayramı yaxınlaşır. İslam aləminin ən müqəddəs və mənəvi dəyərlərlə zəngin bayramlarından biri sayılan bu günlərdə müsəlmanlar paylaşmağın, yardımlaşmağın və həmrəyliyin önəmini bir daha yaşayırlar. Əsrlərdir davam edən bu ənənə insanlar arasında mərhəmət və birlik hissini gücləndirən dini ibadət kimi qəbul olunur. Bununla yanaşı, cəmiyyətdə Qurban bayramının mahiyyəti və qurban ibadətinin qaydaları ilə bağlı müxtəlif suallar da qalmaqdadır. Xüsusilə qurban kəsməyin hər bir müsəlman üçün vacib olub-olmaması və ibadətin hansı şərtlərlə yerinə yetirilməsi bəzi insanlar tərəfindən tam bilinmir. Bəzən dini qaydalara uyğun olmayan davranışlar isə ibadətin mənəvi dəyərinə kölgə sala bilir.

Qurban bayramı nəzərimizdə olmalı olan məqamları isə Crossmedia.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov bildirib: "Qurban ibadəti İslamın yalnız maddi tərəfi olan bir əməli deyil. Bu ibadət insanın Allahla münasibətini, cəmiyyətlə bağını, mərhəmət hissini və paylaşmaq əxlaqını özündə birləşdirən böyük mənəvi məktəbdir. Təəssüf ki, bəzən insanlar qurbanı sadəcə heyvan kəsmək kimi qəbul edir, halbuki Qurani Kərim bu ibadətin ruhuna diqqət çəkərək buyurur ki, Allah üçün nə qurbanın əti, nə də qanı çatır, Ona çatan yalnız sizin təqvanızdır. Bu ayə qurbanın mahiyyətini açan ən mühüm ilahi ölçülərdən biridir. İnsan qurban kəsərkən əslində öz nəfsini, xəsisliyini, eqosunu, dünyapərəstliyini də qurban verməyi öyrənir. Qurani Kərimdə buyurulur: “Onların nə əti, nə də qanı Allaha çatır. Allaha çatan yalnız sizin təqvanızdır".
Məhəmməd peyğəmbər (s.ə.s) də qurbana böyük əhəmiyyət verib və bunu sadəcə ritual kimi deyil, ümmətin birlik və mərhəmət simvolu kimi təqdim edib. Hədislərdə görünür ki, Peyğəmbərimiz (s.ə.s) qurban kəsdikdən sonra onun ətini həm ailəsinə ayırar, həm ehtiyac sahiblərinə göndərər, həm də yaxınları ilə paylaşardı. Burada əsas məqsəd insanın təkcə özü üçün yaşamaması, cəmiyyətin ağrılarını da hiss etməsidir.
Qurban ətinin necə paylanması məsələsinə gəldikdə isə İslam alimləri Qurana və sünnəyə əsaslanaraq bunun ən gözəl formasının üç hissəyə bölünməsi olduğunu bildiriblər. Bir hissə ailəyə saxlanılır, bir hissə qohum və yaxınlara verilir, bir hissə isə kasıblara və ehtiyac sahiblərinə paylanır. Bu bölgü vacib hökm kimi deyil, tövsiyə olunan gözəl bir əxlaq ölçüsü kimi qəbul edilir. İnsan istəsə daha çoxunu ehtiyaclılara verə bilər. Xüsusilə müasir dövrdə sosial bərabərsizliklərin artdığı bir zamanda qurbanın paylaşma ruhu daha da əhəmiyyət qazanır. Çünki qurban sadəcə ibadət deyil, həm də sosial ədalət mesajıdır. Quranda buyurulur: “Ondan həm özünüz yeyin, həm də ehtiyac içində olan yoxsulu doyurun”. Klassik İslam alimlərindən İmam Nəvəvi, İbn Qudamə, İbn Abidin və digər fiqh alimləri bildiriblər ki, qurban ətinin müəyyən hissəsini kasıblara vermək ibadətin mənəvi məqsədinə daha uyğundur. Çünki İslam yalnız fərdi ibadət dini deyil, eyni zamanda sosial məsuliyyət dinidir. İnsan özü tox olduğu halda qonşusunun ac yatmasını görməməzlikdən gəlməməlidir".
Ə.Həsənov qeyd edib ki, bu məsələdə Peyğəmbərin buyurduqlarına nəzər yetirmək də mühüm əhəmiyyət daşıyır:
"Peyğəmbərimiz (s.ə.s) buyururdu ki, qonşusu ac ikən özü tox yatan insan kamil mömin sayılmaz. Bu baxımdan qurban ibadəti insanın vicdanını oyadan ibadətlərdəndir. Bir neçə nəfərin birləşib ortaq qurban kəsməsinə gəlincə isə bu məsələ İslam fiqhində açıq şəkildə izah olunub. Böyük heyvanlarda, yəni inək, camış və dəvə kimi heyvanlarda yeddi nəfərə qədər insan ortaq şəkildə qurban kəsə bilər. Bu hökm Peyğəmbərimizin (s.ə.s) hədislərinə əsaslanır. Cabir ibn Abdullahdan rəvayət edilən səhih hədisdə bildirilir ki, səhabələr Hudeybiyyə ilində Peyğəmbərlə birlikdə bir dəvəni yeddi nəfər, bir inəyi də yeddi nəfər üçün qurban kəsirdilər. Burada mühüm şərt budur ki, ortaq olan şəxslərin hamısının niyyəti ibadət niyyəti olsun. Əgər ortaq olanlardan biri sadəcə ət məqsədi güdürsə, bəzi alimlərə görə bu, qurbanın savabına təsir edə bilər. Ona görə fiqh alimləri niyyət məsələsinə xüsusi diqqət yetiriblər. Qoyun və keçi isə yalnız bir nəfər adına kəsilə bilər. Amma bir insan ailəsi adından qoyun qurbanı kəsərsə, onun savabı ailəsinə də aid olar. Peyğəmbərimizin (s.ə.s) öz ailəsi adına qurban kəsməsi bunun dəlillərindəndir. Bütün müsəlmanların qurban kəsməyə məcbur olub-olmaması məsələsində isə İslamın əsas prinsiplərindən biri olan güc yetirmək ölçüsü diqqətə alınmalıdır. İslam insanı daşıya bilməyəcəyi yük altında qoyan din deyil. Quranda buyurulur: “Allah heç kəsi gücü çatmadığı işlə mükəlləf etməz”.
Hənəfi məzhəbinə görə maddi imkanı olan müsəlman üçün qurban vacib sayılıb. Digər bəzi məzhəblərdə isə güclü sünnə kimi qəbul olunub. Amma bütün alimlərin ortaq fikri budur ki, imkanı olmayan, borc içində yaşayan, ailəsinin əsas ehtiyaclarını qarşılaya bilməyən insan qurban kəsməyə məcbur deyil. Təəssüf ki, bəzi insanlar cəmiyyət təzyiqindən, qınaqdan və ya filankəs kəsdi, mən də kəsməliyəm düşüncəsindən dolayı özünü borca salır. Halbuki İslam nümayiş dini deyil. Allah insanın maddi vəziyyətini, niyyətini və imkanını bilir".
İlahiyyatçının sözlərinə görə, məşhur alim İmam Qəzzali yazırdı ki, ibadətin zahiri ilə yanaşı batini tərəfi də var: "Əgər insan ibadəti Allah üçün deyil, insanlar görsün deyə edirsə, o zaman ibadətin ruhu zədələnir. Müasir islam tədqiqatçıları da bildirirlər ki, qurban ibadətinin əsas məqsədi heyvan kəsmək yarışına çevrilmək deyil, insanın paylaşmaq və yaxınlaşmaq şüurunu inkişaf etdirməkdir. Qurban sözünün kökündə də yaxınlaşmaq mənası var. Yəni insan bu ibadətlə Allaha yaxınlaşmağa çalışır. Bu gün dünyada milyonlarla insan aclıq, yoxsulluq və müharibə içində yaşayır. Bəzi bölgələrdə insanlar aylarla ət görmür. Qurban bayramı isə müsəlmana xatırladır ki, sənin süfrəndə olan nemətdə başqasının da haqqı var. İslamın sosial ədalət tərəfi burada çox açıq görünür. Məhz buna görə klassik alimlər qurbanın yalnız şəxsi ibadət yox, həm də ictimai mərhəmət layihəsi olduğunu deyiblər. Qurban ibadəti yalnız qan axıtmaq və ya adət yerinə yetirmək deyil. Bu ibadət insanın Allaha bağlılığını, paylaşmaq əxlaqını, sosial məsuliyyətini və vicdanını oyadan böyük mənəvi məktəbdir. Qurbanın əti paylaşılmalı, ehtiyac sahibləri unudulmamalı, insanlar bu ibadəti yarış və göstəriş vasitəsinə çevirməməlidirlər. İmkanı olan üçün bu ibadət böyük savab və mənəvi qazancdır. İmkanı olmayan insan isə özünü günahkar hiss etməməlidir. Çünki Allah insanın qəlbinə, niyyətinə və gücünə baxır".
Fatimə
19:22 07.05.2026
Oxunuş sayı: 63