Azərbaycanın və Monqolustanın Baş prokurorları Milli Aviasiya Akademiyasında olublar
Milli Aviasiya Akademiyasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Monqolustan Xalq Respublikasının Baş prokuroru Jarqalsaikxan Banzraqın iştirakı ilə İqtisadiyyat və hüquq fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, əvvəlcə qonaqlar tədris hissəsində texniki təchizat, o cümlədən uçuş simulyatorları, trenajorlar və tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Tədbirdə çıxış edən Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov aviasiya barədə məlumat verib, akademiyada İqtisadiyyat və hüquq fakültəsinin də fəaliyyət göstərdiyini deyib. Onun sözlərinə görə, akademiyanın hüquqşünas məzunları ən çox arzuolunan mütəxəssislər sırasındadırlar. Məzunlar bir çox dövlət qurumlarında təcrübə keçirlər və həmin qurumlar onları hər zaman böyük məmnuniyyətlə qəbul edir. Prorektor vurğulayıb ki, Baş Prokurorluq peşəkar mütəxəssislərin hazırlanmasında akademiyaya yaxından dəstək olur.
Baş prokuror Kamran Əliyev Monqolustanın Baş prokuroru ilə keçirilən görüşdə iki ölkə arasında hüquqi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. O, Azərbaycan Prokurorluğunun dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, dünya ölkələrinin hüquq-mühafizə orqanları ilə intensiv əlaqələr qurduğunu qeyd edib. Vurğulayıb ki, bu əməkdaşlıq həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa İttifaqı və Beynəlxalq Prokurorlar Assosiasiyası kimi nüfuzlu platformalar çərçivəsində uğurla davam etdirilir.
Konkret cinayət işləri üzrə istintaq hərəkətlərinin aparılması zamanı hüquqi yardıma olan ehtiyacın, vaxtın və operativliyin beynəlxalq tərəfdaşlığı zəruri etdiyini vurğulayan Baş prokuror cinayətkarların müxtəlif ölkələrdə gizlənməsi və qlobal əlaqələri ilə mübarizədə prokurorluq orqanlarının güclərini birləşdirməsinin əsas hədəf kimi müəyyən olunduğunu deyib.
Kamran Əliyev xatırladıb ki, monqolustanlı həmkarı ilk dəfə 2024-cü ildə Bakıda keçirilən konfransda iştirak edib. 2025-ci ilin mayında Ulan-Bator şəhərində təşkil olunan regional tədbirdə Azərbaycan Prokurorluğunun nümayəndə heyəti təmsil olunub. Bu qarşılıqlı təmasların məntiqi nəticəsi kimi, 2026-cı il mayın 6-da iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlıq memorandumu imzalanıb. "Sənədin imzalanmasında əsas amillərdən biri hər iki ölkənin hüquq sistemlərinin, prokurorluğun dövlət idarəçiliyindəki rolunun və funksiyalarının bir-birinə yaxın olmasıdır. Əminəm ki, imzalanan bu memorandum və qarşılıqlı təcrübə mübadiləsi hər iki dövlətin hüquq sisteminin inkişafına müsbət təsir göstərəcək", - deyə Baş prokuror vurğulayıb.
Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, professor Ayxan Rüstəmzadə fakültə barədə məlumat verib. O, fakültənin əsas hədəfinin Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikasına və gələcək perspektivlərinə uyğun kadr potensialını formalaşmaq olduğunu deyib. Qeyd edilib ki, fakültənin məzunları ölkənin müxtəlif dövlət qurumlarında, hüquq-mühafizə orqanlarında, eləcə də nüfuzlu yerli və xarici şirkətlərdə çalışırlar.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
17:44 07.05.2026
Oxunuş sayı: 45