Ümummilli Lider Heydər Əliyevin tarix qarşısında böyük missiyası
Azərbaycan xalqının tarixində XX əsrin əvvəlləri ən faciəli dövrlərdən biri kimi yadda qalmışdır. 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qırğınlar minlərlə günahsız insanın həyatına son qoymuş, yaşayış məntəqələri dağıdılmış, xalqımız böyük faciələrlə üzləşmişdi. Uzun illər sovet hakimiyyəti bu hadisələrin araşdırılmasına imkan verməmiş, mart soyqırımı haqqında həqiqətlər gizli saxlanılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə tarixi yaddaşın yenidən bərpası istiqamətində mühüm addımlar atıldı. Bu prosesdə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti xüsusi rol oynadı.
1918-ci il avqustun 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətləri araşdırmaq məqsədilə Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə Fövqəladə Təhqiqat Komissiyası yaratmışdı. Komissiya tərəfindən 36 cild və 3500 vərəqdən ibarət mühüm sənədlər toplanmışdı. Həmin materiallarda Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur və digər bölgələrdə törədilmiş qırğınların miqyası öz əksini tapmışdı. Lakin sovet dövründə bu sənədlər “xüsusi məxfi” qrifi altında saxlanılmış, onların araşdırılmasına icazə verilməmişdi.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tariximizin bu unudulmuş səhifələrinin öyrənilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. 1997-ci il dekabrın 18-də onun imzaladığı “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” fərman bu sahədə atılmış mühüm addımlardan biri idi. Həmin sənəddə deportasiya siyasətinin mahiyyəti açıqlanır, tarixçilərə və dövlət qurumlarına bu məsələlərin daha dərindən araşdırılması tapşırılırdı.
1998-ci il martın 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərman isə xalqımızın tarixində xüsusi əhəmiyyətə malik sənəd oldu. Fərmanda XIX-XX əsrlərdə azərbaycanlılara qarşı həyata keçirilən qırğınlara siyasi-hüquqi qiymət verildi. Heydər Əliyev fərmanda qeyd edirdi ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələr düşünülmüş və planlı soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu sənəd yalnız siyasi qiymət deyildi, eyni zamanda tarixçilər və elmi müəssisələr qarşısında mühüm vəzifələr qoyurdu.
Fərmana əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına, arxiv idarələrinə və aidiyyəti qurumlara soyqırımı ilə bağlı sənədlərin toplanması, araşdırılması və nəşr olunması tapşırıldı. Tarixçilər üçün əvvəllər bağlı olan arxivlər açıldı, Fövqəladə Təhqiqat Komissiyasının sənədləri tədqiqata cəlb edildi. Bunun nəticəsində mart soyqırımı mövzusunda yeni kitablar, monoqrafiyalar və elmi məqalələr çap olunmağa başladı.
1998-ci il yanvarın 30-da imzalanmış “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi haqqında” sərəncam da böyük əhəmiyyət daşıyırdı. Heydər Əliyev həmin sərəncamda AXC-nin qısa müddətdə gördüyü işləri yüksək qiymətləndirərək bildirirdi ki, Cumhuriyyətin fəaliyyəti Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Bu sərəncam tarixçilər qarşısında AXC dövrünün daha dərindən araşdırılması vəzifəsini qoydu.
“Ümummilli lider Heydər Əliyevin tarix siyasətində ən mühüm məsələlərdən biri də sovet dövründə gizli saxlanılmış arxiv materiallarının tədqiqatçılar üçün açılması idi. Uzun illər “xüsusi
məxfi” qrifi altında qorunan sənədlər tarixçilərin istifadəsinə verildi. Bunun nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə, eləcə də 1918-ci il mart soyqırımına aid yüzlərlə yeni sənəd elmi dövriyyəyə daxil edildi. Heydər Əliyevin tapşırığı ilə yalnız ölkə daxilindəki arxivlərlə kifayətlənilmədi, eyni zamanda Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrin arxivlərində saxlanılan materialların surətlərinin Azərbaycana gətirilməsi istiqamətində mühüm işlər görüldü. Bu addımlar tarixçilərə uzun illər qaranlıq qalan faktları araşdırmaq və xalqımıza qarşı törədilmiş faciələrin həqiqi miqyasını ortaya çıxarmaq imkanı verdi.” Məhz bu siyasətin nəticəsində 1998-ci ildən sonra Azərbaycan tarixşünaslığında mühüm dönüş yarandı. Ataxan Paşayevin, İsmayıl İsgəndərovun, Solmaz Rüstəmova-Tohidinin, Vaqif Qafarovun və digər tarixçilərin əsərləri işıq üzü gördü. Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında yeni araşdırmalar aparıldı, beynəlxalq konfranslar təşkil edildi. Türkiyədə “Azərbaycan sənədlərində erməni problemləri (1918–1920)” adlı toplunun nəşri də bu istiqamətdə mühüm hadisə oldu.
Heydər Əliyevin mart soyqırımı məsələsinə göstərdiyi həssaslıq nəticəsində xalqımızın tarixi yaddaşı yenidən bərpa edildi. Onun imzaladığı fərman və sərəncamlar tarixçilər üçün yeni araşdırma imkanları açdı, uzun illər gizli saxlanılmış həqiqətlərin üzə çıxmasına şərait yaratdı. Bu gün mart soyqırımı ilə bağlı aparılan bütün tədqiqatların əsasında məhz Ümummilli liderin müəyyən etdiyi siyasi və mənəvi xətt dayanır.
Təhminə Əliyeva
Tarix üzrə fəlsəfə doktoru
ADPU Quba filialında baş müəllim
Quba şəhərində “Soyqırımı Memorial Kompleksin elmi mütəxəssisi”
09:53 07.05.2026
Oxunuş sayı: 114