Azərbaycanlı nümayəndə CEV-in iclasında: Növbəti hədəflər bəlli olub
Avropa Voleybol Konfederasiyasının (CEV) Maliyyə Komissiyasının növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, Lüksemburqda baş tutan toplantıda CEV Maliyyə Komissiyasının üzvü, Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli iştirak edib.
CEV-in baş ofisində təşkil olunan iclasda qurumun İcraçı direktoru Vuk Karanoviç, Maliyyə Komissiyasının rəhbəri Guy Juvet, komissiya üzvləri və CEV-in maliyyə departamentinin əməkdaşları iştirak ediblər. Toplantıda CEV-in cari il üzrə fəaliyyət planı, maliyyə siyasətinin əsas istiqamətləri, eləcə də beynəlxalq turnir və yarışların maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə, yarışların təşkilinə ayrılan büdcə, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli idarə olunması kimi vacib mövzular gündəlikdə yer alıb.
Görüş zamanı 2025-ci il ərzində keçirilmiş yarışların maliyyə nəticələri təhlil olunub, qarşıdakı dövr üçün planlaşdırılan turnirlərlə bağlı maliyyə mexanizmləri və büdcə planlaması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, maliyyə hesabatlılığının şəffaflığının artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.
İclas çərçivəsində CEV Maliyyə Komissiyasının üzvləri tərəfindən müasir maliyyə yanaşmaları, rəqəmsal maliyyə idarəetmə alətlərinin tətbiqi, həmçinin üzv federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bu kimi görüşlərin Avropa voleybolunda maliyyə dayanıqlığının təmin olunmasına və beynəlxalq yarışların daha yüksək səviyyədə təşkilinə töhfə verəcəyi vurğulanıb.
11:36 07.05.2026
Oxunuş sayı: 38