Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlər daha çox diqqət çəkir
Azərbaycan ilə İtaliya arasında münasibətlər Avrasiya məkanında formalaşan əməkdaşlıq modelləri içərisində seçilən istiqamətlərdən biri kimi getdikcə daha çox diqqət çəkir. 2026-cı il mayın 4-də İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu münasibətlərin hansı mərhələdə olduğunu və hansı istiqamətdə inkişaf etdiyini daha aydın göstərdi.
Verilən mesajlardan hiss olunurdu ki, tərəflər artıq sadəcə diplomatik əlaqələrlə kifayətlənmir, əməkdaşlığı konkret nəticələr və uzunmüddətli maraqlar üzərində qururlar. Siyasi müstəvidə münasibətlər sabit və qarşılıqlı etimada əsaslanan xətt üzrə inkişaf edir. Son illərdə keçirilən yüksək səviyyəli görüşlər, rəsmi səfərlər və beynəlxalq platformalarda aparılan dialoq göstərir ki, Bakı ilə Roma arasında əlaqələr davamlı xarakter daşıyır.
Bu proses həm liderlər səviyyəsində, həm parlamentlər, həmdə dövlət qurumları və müxtəlif sahələr üzrə fəaliyyət göstərən institutlar arasında əlaqələrlə də güclənir. Belə çoxsəviyyəli təmaslar əməkdaşlığın daha sistemli və dayanıqlı olmasına şərait yaradır. İqtisadi sahədə isə münasibətlərin miqyası daha aydın görünür. İtaliya uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri kimi çıxış edir və bu mövqe təsadüfi deyil. Enerji əməkdaşlığı burada əsas istiqamət kimi ön plana çıxır. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya çatdırılması həm iqtisadi gəlir məsələsidir, həm də eyni zamanda Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bununla yanaşı, diqqət enerji sahəsi ilə tək məhdudlaşmır. Qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar getdikcə daha konkret nəticələr verməyə başlayır. İtaliya texnologiyalarının sənaye sahəsində tətbiqi, kənd təsərrüfatında müasir yanaşmaların paylaşılması və istehsal proseslərinin təkmilləşdirilməsi hər iki tərəf üçün əlavə dəyər yaradır. Bu əməkdaşlıq həm iqtisadi şaxələndirməni sürətləndirir, həm də yerli istehsalın keyfiyyətini artırır. Nəqliyyat və logistika sahəsi də münasibətlərin perspektivli istiqamətlərindən biridir. Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi və İtaliyanın Avropanın əsas iqtisadi mərkəzlərindən biri olması bu sahədə əməkdaşlıq üçün ciddi imkanlar yaradır. Yükdaşımaların artırılması, logistika xidmətlərinin inkişafı və nəqliyyat infrastrukturu üzrə layihələr ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Bu isə həm iki ölkə arasında həm də geniş regionlar arasında iqtisadi inteqrasiyanı gücləndirir. Humanitar sahədə əlaqələr isə münasibətlərin daha “insani tərəfini” formalaşdırır. Təhsil proqramları, tələbə mübadiləsi və elmi əməkdaşlıq gənclər arasında yeni imkanlar açır. Azərbaycanlı tələbələrin İtaliyada təhsil alması və eyni zamanda italiyalı gənclərin Azərbaycana maraq göstərməsi bu əlaqələrin canlı və davamlı olduğunu göstərir. Elmi-tədqiqat sahəsində əməkdaşlıq isə innovasiya və yeni biliklərin formalaşmasına töhfə verir. Mədəniyyət sahəsində qarşılıqlı maraq münasibətləri daha da yaxınlaşdıran mühüm amillərdən biridir. İtaliyanın zəngin incəsənət və memarlıq ənənələri Azərbaycanda böyük maraq doğurur. Eyni zamanda Azərbaycan musiqisi və mədəni irsi İtaliyada təqdim olunur və müsbət qarşılanır. Bu qarşılıqlı mədəni mübadilə xalqlar arasında anlayışı artırır və münasibətləri daha səmimi müstəviyə keçirir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdən aydın olur ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər artıq formalaşmış və özünü təsdiqləmiş əməkdaşlıq modelinə çevrilib. Bu model dəyişən qlobal şəraitə uyğunlaşmaq qabiliyyətinə malikdir və yeni istiqamətlər üzrə genişlənmək üçün kifayət qədər potensiala sahibdir. Mövcud dinamika göstərir ki, qarşıdakı dövrdə bu münasibətlər daha da dərinləşəcək və yeni sahələri əhatə edəcək.
Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı

15:40 06.05.2026
Oxunuş sayı: 35