Vətənə xəyanət etmiş rus-sovet generalları
Böyük vətən müharibəsi zamanı sovet qoşunlarına rəhbərlik edən generallardan 81 nəfərin əsir düşməsi rəsmi qaynaqlarda təsdiq olunur.
Bunlardan bəzilərinin könüllü əsir düşməsi, bəzilərinin yaralanaraq əsir düşməsi, bəzilərinin qəhrəmancasına əsirlikdə müqavimət göstərməsi, bəzilərinin isə alman işğalçılarına könüllü xidmət etməsi haqqında hekayələr də mövcuddur. Lakin diqqəti cəlb edən odur ki, Böyük Sovetlər İttifaqında bu əsir düşünlərin hamısı rus əsilli generallardır. Odur ki, bu generalların əsirlik macəraları və sonrakı illərdə rus məhkəmələri tərəfindən reabilitasiya olunmaları hadisələri də çox mənalıdır.
2001-ci ildə “Din və Vətən uğrunda” (За Веру и Отечество) hərəkatının rəhbəri, keşiş Nikon Rusiyanın Baş Hərbi Prokurorluğana Vlasovun və onun yoldaşlarının cəzasına yenidən baxılması üçün ərizə verdi.
Bununla əlaqədar, hərbi prokurorluq belə qənaətə gəldi ki, siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında qanunun tətbiqi üçün heç bir əsas yoxdur. Noyabr 1-i 2001-ci ildə Rusiya Federasiyası Ali Məhkəməsinin Hərbi Kollegiyası RSFSR Cinayət Məcəlləsinin 5810-cu maddəsinin 2-ci hissəsi ilə (antisovet təbliğatına görə) ittiham hissəsindəki hökmü ləğv etdi.
1901-ci il təvəllüdli Andrey Andreyeviç Vlasov Sovet hökumətinin ən gənc generallarından biri idi və Moskvanın müdafiəsi zamanı general-leytenant rütbəsi almışdı. 1942-ci ilin yayında əsir düşür və həmin dövrdən alman işğalçılarına xidmət etməyə başlayır. “Rusiyanın azadlığı ordusunu” yaradaraq ona rəhbərlik edir və çox sayda əsir düşmüş rus əsgərlərini özünün qoşun hissələrinə cəlb edir.
Rus tarixi mənbələrin məlumatına görə almanlara əsir düşmüş və ya təslim olmuş rus-sovet generallarının 81 nəfərindən 3-nün taleyi haqqında heç bir məlumat əldə olunmayıb. Sovet hərb sənətini öyrənənlər bilir ki, yüksək dərəcəli zabitin möcüzəli şəkildə “yox olması” mümükün deyil, əgər o özü bunu istəmirsə.
Bu generallardan əsirlikdən qaçan 6 nəfər, əsirlikdə ölən 28 nəfər, əsirlikdən azad edildikdən sonra hüquqları bərpa edilmiş 22 nəfər, həbs edilmiş və məhkum olunmuş 22 nəfər haqqında mənbələr ətraflı məlumatlar verilir.
Vlasovçular işi üzrə 5 nəfər asılmış, 13 nəfər Baş Qərargahın avqustun 16-ı 1941-ci il tarixli 270 saylı əmri əsasında güllələnmiş, 2 nəfər həbsdə ölmüş, 2 nəfərin həbsdən sonra hüquqları bərpa edilmişdir.
Bu həmin Vlasovdur ki, Sovet hökumətinin çox sayda orden və medallarını almış və “bacarıqlı” hərbçi hesab edilirdi.
Müharibənin ilk aylarında SSRİ-nin 6-cı və 12 orduları Ukrayna ərazisində mühasirəyə düşdülər və demək olar ki, nəticədə yox oldular. 12-ci orduya general mayor Pavel Ponidelin rəhbərlik edirdi. Mühasirədən çıxmaq cəhdi zamanı onun tankını vururlar və general əsir düşür.
Eyni əməliyyatda korpus komandiri, general mayor Nikolay Kirilov da əsir götürülür. 1941-ci ilin avqustun 16-da stalinin “dezertirlik” ilə əlaqədar əmri dərc olunur və Panidelinin ailəsi həbs edilərək, atası və arvadı sibir laqerlərinə göndərilir.
1945-ci ilin may ayında amerika qoşunları Panidelini ələ keçirir və sovet nümayəndələrinə təhvil verirlər.
Generalı Moskvanın Lefortova həbsxanasında saxlayırlar və beş il istintaq aparılır. 1950-ci ildə məhkəmənin qərarı ilə onu güllələyirlər. Eləcə də General Nikolay Kirillov da 1950-ci ilin avqust ayının 25-də məhkəmənin qərarı ilə güllələnir.
General mayor Fyodor Truxin müharibədən əvvəl hərbi akademiyada professor dərəcəsinə çatmışdı. 1941-ci ildə şimal-qərb cəbhəsində əsir düşür və ilk gündən almanlarla əməkdaşlığı qəbul edir. Dubendorf şəhərində zabitlər və təxribatçılar məktəbinin təşkilatçılarından biri olan F.Truxanovdan bu məktəbdə beş min nəfər sovet əsiri təxribatçılıq təlimi keçir. 1945-ci ilin may ayında Çexiya partizanları generalın maşınını dayandıraraq onu həbs edir və sovet qoşunlarına təhvil verirlər.
General İvan Blaqoveşenski 1941-ci ilin iyul ayının 6-da əsir düşür. Müharibənin başlanmasından 14 gün sonra əsir düşdüyü gündən almanlarla əməkdaşlıq etməyə başlayır. Almanlar İvan Blaqoveşenskini Bolşevizmlə mübarizə komitəsinə rəhbər təyin edirlər və o, “SS” təşkilatı üçün diversant(təxribatçı) qrupları hazırlamağa başlayır.
1943-cü ildə Vlasovla rastlaşır və onu Vlasovun strukturuna qəbul edirlər. Truxanovun məktəbinə təyin olunur.
1945-ci ilin may ayında amerika əsgərləri onu həbs edir və sovet qoşun hissələrinə təhvil verirlər. 1946-cı ilin avqust ayının 1-də Moskvanın Butırka həbsxanasında onu asırlar.
General mayor Baris Rixter 1941-ci ilin iyun ayının 28-də itkin düşür. 1942-ci ildə Polşada yerləşən Abverin kəşfiyyatçı-diversantlar məktəbində Pudayev soyadı ilə çalışmağa başlayır. 1945-ci ilin avqustunda onu Berlin hücumu zaman sovet əsgərləri həbs edir, Moskvada mühakimə olunur və güllələnir.
General leytenant Vladimir Yakovleviç Kaçalov da 1941-ci ilin avqust ayının 4-də, mühasirədən çıxmaq istəyərkən almanlara əsir düşür. 1941-ci il avqust ayının 16 tarixi ilə 270 nömrəli əmrlə vətən xaini elan edilir.
Məlumdur ki, hələ müharibə başlamamışdan SSRİ-nin siyasi rəhbərliyi generallarla əlaqədar bir sıra sərt tədbirlər həyata keçirmişdi. Bir qrup generallar “vətənə xəyanət” maddəsi ilə mühakimə olunmuş və güllələnmişdilər.
Sovet ordusunda (1937–1938) Stalin tərəfindən həyata keçirilən “təmizləmələr” zamanı minlərlə yüksək rütbəli zabit məhv edildi. Sovet İttifaqı marşalları M.N. Tuxaçevski, A.İ. Yeqorov, V.K. Bluher, ordu komandirləri İ.E. Yakir, İ.P. Uboreviç, Ya.İ. Aleksnis məhkum edilərək güllələndilər.
1941-ci ildə "Qərb Cəbhəsində” cəbhəyə komandanlıq edən generallar D.G. Pavlov, V.E. Klimovskiy, A.T. Qriqoryev məhkəmənin qərarı ilə nizamsızlıq və müharibənin əvvəlində müdafiənin uğursuzluğuna görə güllələndilər.
Bu qeyd olunan generalların əksəriyyəti müharibədən sonra müxtəlif illərdə məhkəmələrin qərarı ilə reabilitasiya olmuş, fəxri adları, orden və təltifləri bərpa edilmişdi. Elə bir mənzərə yaradılmışdı ki, guya, bunlar xəyanət etməyib, almanlara xidmət etməyib, minlərlə insanın ölümünə səbəb olmayıblar.
Sovet illərində yaşadığımız müştərək tariximizin qaranlıq səhifələrini rus-millətçi tarix səhifələrindən deyil, müstəqil tədqiqatların nəticəsi olaraq öyrənməli və dərsliklərə daxil etməliyik.
10:00 07.05.2026
Oxunuş sayı: 373