Təhsilli ana təhsilli gələcək deməkdir- Ekspertlər danışdı
İnsan inkişafının sirli xəritəsində ailə faktoru, xüsusilə də ana obrazı sadəcə emosional bir dayaq deyil, həm də fərdin intellektual taleyini formalaşdıran ilkin memardır. Müasir elmi paradiqmalar göstərir ki, təhsil sadəcə fərdin qazandığı diplom deyil, həm də onun gələcək nəsillərə ötürdüyü mənəvi və intellektual irsdir. Ali təhsilli anaların övladlarının nümayiş etdirdiyi yüksək akademik göstəriciləri analiz edərkən biz, genetik kodların səssiz pıçıltısı ilə stimullaşdırıcı mühitin dinamik rəqsi arasında qalan o mühüm nöqtəyə diqqət yetirməliyik: İnsan uğuru təbiətin hədiyyəsidirmi, yoxsa şüurlu şəkildə qurulmuş mühitin nəticəsi?
Məsələ ilə bağlı ekspertlər Crossmedia.az-a açıqlama verib.

Sosioloq Rəvan Əliyev elmi tədqiqat nəticələrini istinad gətirərək qeyd edib ki, elmi tədqiqatlar ümumilikdə onu göstərir ki, ali təhsilli anaların övladları orta hesabla bir sıra sahələrdə – dil bacarıqları, məntiqi düşünmə, akademik nailiyyətlər və sosial adaptasiya baxımından – daha yüksək nəticələr göstərə bilirlər: "Lakin bu nəticəni birbaşa “bioloji üstünlük” kimi təqdim etmək düzgün olmaz. Burada əsas rol oynayan faktorlar daha çox sosial və mühitlə bağlıdır. Birincisi, ali təhsilli analar adətən uşağın erkən inkişaf mərhələsinə daha çox diqqət yetirir, onunla ünsiyyət qurur, kitab oxuyur və intellektual mühit yaradır. Bu isə uşağın beyin inkişafına müsbət təsir göstərir. Psixologiyada bu, “stimullaşdırıcı mühit” kimi izah olunur. İkincisi, belə ailələrdə təhsil və bilik dəyər kimi təqdim olunur. Uşaq kiçik yaşdan öyrənməyə motivasiya olunur və bu da onun məktəb həyatında uğur qazanmasına şərait yaradır. Üçüncüsü, iqtisadi və sosial imkanlar da mühüm rol oynayır. Ali təhsilli valideynlər adətən daha sabit gəlirə malik olur, bu da uşağın keyfiyyətli təhsil, əlavə kurslar və inkişaf imkanlarına çıxışını artırır. Bioloji aspektə gəldikdə isə, bəzi tədqiqatlar genetik faktorların da rol oynadığını göstərir. Lakin müasir elm bu məsələni çox ehtiyatla qiymətləndirir və vurğulayır ki, genetik meyllər yalnız mühitlə qarşılıqlı təsirdə özünü göstərir. Yəni potensial olsa belə, onu reallaşdıran əsas amil sosial və təhsil mühitidir".
Sosioloq əlavə edib ki, yalnız bu tendensiya ilə razılaşıb, davam etmək düzgün deyil: "Qeyd etmək olar ki, bu tendensiya ümumi statistika səviyyəsində özünü təsdiqləsə də, onu bütün hallara şamil etmək düzgün deyil. Çünki hər bir uşağın inkişafı fərdi xüsusiyyətlər, ailə mühiti, məktəb keyfiyyəti və cəmiyyətin ümumi təhsil siyasəti kimi çoxsaylı faktorların təsiri altında formalaşır. Nəticə etibarilə, məsələni “ali təhsilli ana – daha uğurlu uşaq” kimi sadə bir səbəb-nəticə əlaqəsi ilə izah etmək elmi baxımdan düzgün deyil".

Təhsil eksperti Ramin Nurəliyev də məsələyə münasibət bildirib:
"Həqiqətən də, hər hansı bir övladın anası ali təhsilli olduğu təqdirdə, uğur qazanma ehtimalı faiz etibarilə daha yüksəkdir. Ali təhsilli anaların övladlarının təhsil inkişafı və dünya görüşü ilə yanaşı, ümumi formalaşması da digərlərinə nisbətən daha qısa müddətdə və daha çoxşaxəli şəkildə həyata keçirilir. Yəni bu, reallıqdır. Çünki uşağın evdə böyüməsinə, formalaşmasına və bir şəxsiyyət kimi yetişməsinə birinci dərəcədə təsir göstərən qüvvə, əlbəttə ki, onun anasıdır. Əgər ana ali təhsilli olarsa və uşağı düzgün istiqamətləndirərsə, övladının yetişməsində lazım olan addımları düzgün atarsa, o zaman uşağın cəmiyyətdə düzgün mövqe tutması da daha rahat olar. Əks halda isə bu, istər-istəməz mənfi istiqamətdə təsir göstərə bilər".
O, bu nəticənin tam real olmadığını da deyib: "Diqqət yetirdikdə görürük ki, bəzən ailəsi ali təhsilli olan və heç bir valideyn problemi yaşamayan uşaqlar da müəyyən çətinliklərlə qarşılaşırlar. Yəni cəmiyyət daxilində belə hallar da ola bilir. Amma yüksək faiz etibarilə, valideynlər ali təhsilli olduqda uşaqlarda müsbət irəliləyiş müşahidə edilir. Valideynlərin dünya görüşü və biliyi uşağa da mütləq təsir edir. Ona görə də biz, xüsusilə qız uşaqlarının oxumasının, ali təhsil almasının tərəfdarıyıq. Qız uşaqları ali təhsil almalıdır ki, gələcəkdə bir ana kimi cəmiyyətə doğru-düzgün övlad yetişdirsin. Hesab edirəm ki, cəmiyyətimizdə ali təhsilli anaların sayının çox olması zamanında atılmış düzgün bir addım kimi qiymətləndirilməlidir. Xatırlayıram, hardasa 20-25 il bundan əvvəl qızların oxumasına, xüsusilə regionlarda və ucqar kəndlərdə yaxşı baxılmırdı, müəyyən məhdudiyyətlər tətbiq olunurdu. İndi isə vəziyyət tamamilə fərqlidir. Artıq hər kəs reallığı görür və bilir ki, qız övladları mütləq oxumalı, ali təhsilli olmalıdır".
Ekspert qızların oxumasının qəti olaraq şərt olduğunu xüsusi olaraq vurğulayıb:
"Ali təhsilli olan qızın həm dünya görüşü inkişaf edir, həm də gələcəkdə müəyyən problemlərlə daha asan mübarizə aparır. Ali təhsilli olmayan ananın isə müəyyən qədər cəmiyyətdən təcrid olunma riski yarana bilir. Məsələn, uşaq böyüdükdə bəzən valideyninin məktəbə gəlməsini istəmir, çünki onun dünyagörüşünün məhdud olmasından utanır. Amma ali təhsilli valideynin olması uşağın həm inkişafına, həm də cəmiyyətə düzgün inteqrasiya olunmasına çox müsbət təsir göstərir".
Turqut Ansari
18:53 07.05.2026
Oxunuş sayı: 76