Vətəndaşlar problemlərini hara və necə çatdırmalıdır?
Serbiya prezidenti Aleksandar Vuciç tərəfindən vətəndaşların məmurların təkəbbürlü və yersiz davranışları ilə bağlı şikayətlərini qəbul edəcək xüsusi portalın yaradılması təşəbbüsü cəmiyyətdə dövlət-vətəndaş münasibətləri baxımından maraqlı müzakirələrə səbəb olub.
Müasir dövrdə insanların ən çox narazı qaldığı məsələlərdən biri məhz bəzi məmurların vətəndaşlara qarşı kobud münasibəti, məsuliyyətsiz davranışı və müraciətlərə laqeyd yanaşmasıdır.
Bu baxımdan belə platformalar vətəndaşların problemlərini birbaşa çatdırması üçün əlavə imkan kimi qiymətləndirilir.
Azərbaycanda da zaman-zaman dövlət qurumlarının fəaliyyəti, vətəndaş müraciətlərinə münasibət və məmur-vətəndaş münasibətləri ilə bağlı müxtəlif müzakirələr aparılır.
Bəs belə bir portalın Azərbaycanda yaradılmasına nə dərəcədə ehtiyac var?
Əgər bu sistem tətbiq olunsa, həqiqətən effektiv nəticə verə bilərmi, yoxsa mövcud müraciət mexanizmlərinin təkrarı olaraq qalacaq?
Mövzu ilə bağlı Ağ partiya sədri Tural Abbaslı Crossmedia.az-a açıqlama verib:

“Əslində Azərbaycanda belə portallar artıq var və insanlar da həmin platformalara müraciət edirlər. Amma əsas məsələ həmin müraciətlərin nəticəsinin necə olmasıdır”.
T.Abbaslı əlavə edib ki, ona görə məsələ hansısa yeni şikayət portalının yaradılmasında deyil: “Əsas məsələ həmin sistemin necə işləyəcəyidir. Yəni Azərbaycanda sabah məhz bu ad altında yeni bir portal açılsa belə, düşünmürəm ki, nəyisə ciddi şəkildə dəyişsin.
Ona görə əsas yanaşma dəyişməlidir. Əsas məsələ məhkəmələrin müstəqilliyi və ədalətli işləməsidir. İnsanlar şikayətlərini həll etdirmək üçün dövlət qurumlarına, partiyalara, mediaya və ya televiziyalara yox, məhkəmələrə üz tutmalıdırlar.
Biz işləməyən hər mexanizm üçün paralel bir mexanizm yaratmağa çalışsaq, nəticədə dövlətə paralel yeni bir sistem formalaşdırmış olarıq.
Bu isə əlavə maliyyə xərcləri, məsuliyyətin bir-birinin üzərinə atılması və idarəetmədə daha böyük qarışıqlıq yaradacaq. Odur ki, məncə əsas məsələ hansısa platformanın yaradılıb-yaradılmaması deyil.
Əsas məsələ həmin platformadan sonrakı prosesin necə işləməsidir. Açığı, mən hələlik Azərbaycanda belə bir təşəbbüsün ciddi effekt verəcəyinə inanmıram. Çünki buna bənzər mexanizmlər artıq var və bu gün də effektiv nəticə vermir”.
Ayhan
16:25 07.05.2026
Oxunuş sayı: 55