Xəzərdə seysmik aktivlik artır - ekspert səbəbləri açıqladı
Son günlər Bakı və Xəzər dənizi ətrafında müşahidə olunan zəlzələlər cəmiyyətdə müəyyən narahatlıq yaratmışdır. Bu hadisələr təsadüfi deyil, əksinə regionun yerləşdiyi aktiv seysmik zonanın təbii nəticəsidir.
Yer qabığında baş verən bu proseslər əsasən tektonik plitələrin hərəkəti və toqquşması ilə bağlıdır.
Xüsusilə, Ərəb plitəsi ilə Avrasiya plitəsi arasında gedən qarşılıqlı təsir bölgədə gərginliyin yaranmasına və vaxtaşırı zəlzələlərin baş verməsinə səbəb olur.
Bundan əlavə, Xəzər dənizi hövzəsi mürəkkəb geoloji quruluşa malikdir və burada çoxsaylı qırılma xətləri ilə yanaşı palçıq vulkanları da geniş yayılmışdır.
Bu amillər seysmik aktivliyi artıran mühüm faktorlar sırasındadır. Son iki həftədə qeydə alınan təkanlar əsasən zəif intensivliyə malik olub, daha çox toplanmış enerjinin tədricən boşalması kimi qiymətləndirilir.
Bu baxımdan, baş verənlər fövqəladə haldan çox, region üçün xarakterik təbii proseslərin davamı kimi izah olunur.
Məsələ ilə bağlı seysmoloq Qulam Babayev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Son günlər və həftələr ərzində Xəzər dənizində seysmik aktivliyin artdığını müşahidə edirik. Bu, ümumilikdə tektonik plitələrin hərəkəti ilə bağlı təbii bir prosesdir. Xəzər dənizi Alp-Himalay seysmik qurşağı üzərində yerləşir və burada Ərəb plitəsi ilə Avrasiya plitəsinin toqquşması baş verir.
Bu toqquşma nəticəsində Yer qabığında gərginlik toplanır və müəyyən mərhələdə enerji boşalır. Həmin enerji boşalmaları isə zəlzələlər şəklində özünü göstərir. Bu, tamamilə normal və təbii seysmik dinamik prosesdir.
Bəs niyə məhz son dövrlərdə bu aktivlik daha çox müşahidə olunur?
Bu barədə əvvəlki çıxışlarımda da qeyd etmişdim. Ehtimal etmək olar ki, bu hal “zəlzələ fırtınası” kimi tanınan proseslə əlaqədardır. Seysmologiyada belə bir anlayış mövcuddur ki, müəyyən dövrdə eyni regionda zəlzələlərin sayı kəskin şəkildə artır.
Xəzər dənizi mürəkkəb geodinamik zona hesab olunur. Burada çoxsaylı qırılma xətləri, onların qovşaqları və tektonik pozuntular mövcuddur. Bu səbəbdən region zəlzələ ocaqları baxımından zəngindir. Həmçinin, burada dərin ocaqlı zəlzələlər də tez-tez qeydə alınır.
Son dövrlərdə təkanların sıx baş verməsinin əsas səbəbi ondan ibarətdir ki, bir zəlzələ digərini stimullaşdıra bilir. Yəni bir qırılmanın aktivləşməsi qonşu qırılmaların da hərəkətə gəlməsinə səbəb olur. Bu isə zəlzələlərin zəncirvari şəkildə davam etməsinə gətirib çıxarır.
Ümumilikdə, Xəzər dənizinin bütün hissələrində – Şimal, Orta və Cənub seqmentlərində aktivlik müşahidə olunur. Bu prosesin müəyyən müddət davam edəcəyi ehtimal olunur. Lakin qısa müddətli zəlzələ proqnozu – yəni zəlzələnin dəqiq yeri, vaxtı, gücü və ocaq dərinliyi – hazırda elmi baxımdan mümkün deyil.
Seysmologiyada məlumdur ki, əsas təkanlardan sonra çoxsaylı afterşoklar (təkrar təkanlar) baş verir. Bəzən onların sayı yüzlərlə ola bilər. Paralel olaraq yeni qırılmaların aktivləşməsi də əlavə zəlzələlərə səbəb olur.
Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin sayının artdığını demək düzgün olmazdı. Belə zəlzələlər nadir hallarda baş verir. Lakin zəif və orta güclü zəlzələlər qaçılmazdır və mütəmadi olaraq qeydə alınır. Adətən 3.5–4.5 maqnituda aralığında olan bu təkanlar region üçün xarakterikdir.
Hazırkı aktivlik böyük zəlzələnin yaxınlaşdığını birbaşa göstərmir. Bununla belə, unutmaq olmaz ki, Azərbaycan seysmik zonada yerləşir və bu reallıq daim nəzərə alınmalıdır.
Abşeron yarımadası və Bakı şəhəri üçün seysmik təhlükə hər zaman mövcuddur. Bunun səbəbi həm Xəzər dənizindəki aktiv ocaqlar, həm də Şamaxı-İsmayıllı zonasında müşahidə olunan seysmik proseslərdir.
Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizin inkişafı, şəhərlərin böyüməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi seysmik risklərin də artmasına səbəb olur. Çünki risk yalnız təbii hadisənin gücündən deyil, həm də infrastrukturun həssaslığından asılıdır.
Nəticə etibarilə, Azərbaycan zəlzələ bölgəsində yerləşən ölkədir və bu amil hər zaman diqqətdə saxlanılmalıdır. Buna görə də hazırlıqlı olmaq və maarifləndirmə tədbirlərini gücləndirmək xüsusi əhəmiyyət daşıyır".
Elmir Heydərli
17:05 07.05.2026
Oxunuş sayı: 50