Metro, avtobus və taksi vahid idarəetmədə — bu dəyişiklik nə vəd edir?
Paytaxtın ictimai nəqliyyat sistemində yeni idarəetmə modelinin formalaşdırılması istiqamətində mühüm addım atılıb. Belə ki, Bakı Metropoliteni QSC-nin BakuBus və Bakı Taksi Xidməti MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi şəhər mobilliyinin daha səmərəli və koordinasiyalı şəkildə idarə olunmasına hesablanıb.
Bu qərar ictimai nəqliyyat xidmətləri arasında inteqrasiyanın gücləndirilməsi, vahid idarəetmə mexanizminin qurulması və sərnişin məmnunluğunun artırılması məqsədi daşıyır.
Yeni struktur çərçivəsində metro, avtobus, tramvay və taksi xidmətləri arasında qarşılıqlı əlaqənin genişləndirilməsi, rəqəmsal həllərin tətbiqinin sürətləndirilməsi və nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi nəzərdə tutulur.
Eyni zamanda, sərnişindaşıma xidmətlərində təhlükəsizlik, operativlik və rahatlığın artırılması, şəhərdaxili hərəkətin daha çevik təşkili istiqamətində mərhələli tədbirlərin həyata keçiriləcəyi bildirilir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Rauf Ağamirzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bu təşkilatlar artıq Azcon Holdinqin strukturunda fəaliyyət göstərirdi. Hazırkı dəyişikliklə isə institusional sərnişindaşımanın daha mərkəzləşdirilmiş idarəetmə modeli formalaşdırılır. Dünyada da bu istiqamətdə uğurlu nümunələr mövcuddur — məsələn, Transport for London və Tbilisi Transport Company kimi qurumlarda müxtəlif nəqliyyat növlərinin vahid idarəetmə mərkəzi üzərindən koordinasiyası həyata keçirilir.
Bu model idarəetmədə səmərəliliyin artırılmasına, institusional əlaqələrin gücləndirilməsinə və qərarvermə prosesinin daha çevik təşkilinə imkan yaradır.
Eyni zamanda, risklərin minimuma endirilməsi, optimal marşrut şəbəkəsinin formalaşdırılması və sərnişin axınının daha balanslı paylanması baxımından da mühüm əhəmiyyət daşıyır.
Ümumilikdə isə son illərdə Bakı şəhərində nəqliyyat layihələrinin rəqəmsal əkiz (digital twin) texnologiyası əsasında planlaşdırılması artıq müsbət nəticələr verməyə başlayıb. Yeni layihələr yalnız ayrıca yol qovşaqlarının tikintisi ilə məhdudlaşmır; küçə məkanının bütün hərəkət iştirakçıları üçün — avtobus, metro, mikromobillik vasitələri və piyadalar daxil olmaqla — kompleks şəkildə modelləşdirilməsi həyata keçirilir.
Simulyasiyalar əsasında sərnişin və nəqliyyat axınları təhlil olunur, buna uyğun olaraq yeni metro xətləri və digər nəqliyyat infrastrukturu planlaşdırılır.
Belə bir şəraitdə əməliyyat idarəçiliyinin də vahid mərkəzdə cəmləşdirilməsi — hazırda Bakı Metropoliteni, BakuBus və Bakı Taksi Xidməti, gələcəkdə isə mümkün tramvay sisteminin də bu modelə inteqrasiyası — şəhərdə sərnişindaşımanın daha keyfiyyətli, koordinasiyalı və dayanıqlı təşkilinə mühüm zəmin yaradacaq".
Elmir Heydərli
12:15 08.05.2026
Oxunuş sayı: 66