Abşeron dairəvi dəmir yolu marşrutu üzrə dayanacaqlarının sayı 40-a çatdırılacaq
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə istifadədə olan xətlərdə Baş Keşlə və N.Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray, Güzdək və Binəqədi dayanacaqlarının yaradılması hesabına dayanacaqların sayı 22-yə çatacaq. 2030-cu ilədək isə bu rəqəmin Zabrat–Maştağa–Bağlar, Bakıxanov–Binə–Qala və Yeni Suraxanı–Hövsan xətləri üzrə 18 stansiya və dayanacağın istifadəyə verilməsi hesabına 40-a çatdırılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərdən biri də Güzdək−Qaradağ xəttinin bərpasıdır. Bu dəmiryol xəttinin bərpasından sonra yük qatarlarının əsasən bu istiqamətdə hərəkəti hesabına Bakı−Xırdalan−Sumqayıt dəmiryol xəttində sərnişindaşıma üzrə qatar buraxıcılığı artırılacaq.
Həmçinin "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 2030-cu ilədək 20 ədəd yeni sərnişin qatarının alınması nəzərdə tutulub. Hazırda bu istiqamətdə işlər davam etdirilir, təhlillər aparılır, xarici şirkətlərlə görüşlər keçirilir, danışıqlar aparılır.
Bütün bu tədbirlər Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulmasına, sərnişin mobilliyinin keyfiyyətinin artırılmasına, həm şəhər daxilində, həm də ətraf ərazilərdə sərnişindaşıma imkanlarının, nəqliyyat xidmətlərinin daha geniş əhali təbəqəsi üçün əlçatanlığının artırılmasına səbəb olacaq.
09:53 08.05.2026
Oxunuş sayı: 50