Azərbaycanda hantavirus təhlükəsi varmı? - Nazirlikdən açıqlama
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin məlumatına görə, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, bu virusun ölkəmiz üçün endemik hesab olunmadığını və mövcud epidemioloji vəziyyətin virusun yayılma riskinin aşağı olduğunu göstərdiyi qeyd olunub.
"Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur" - deyə nazirlik əlavə edib.
Nazirlik həmçinin profilaktik məqsədlə əhaliyə aşağıdakı sadə gigiyenik qaydalara əməl etməyə çağırış edib ki bunlara:
Yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək; gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək; açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək; gəmiricilərlə birbaşa təmasdan çəkinmək.
Qurum sonda hazırkı vəziyyətin əhali üçün narahatlıq doğurmadığını və epidemioloji durumun müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanıldığını bildirib.
Elmir Heydərli
12:50 08.05.2026
Oxunuş sayı: 53