Azərbaycanla Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycanla Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, AQTA sədri Qoşqar Təhməzlinin Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili ilə görüşü çərçivəsində ötən ilin avqust ayından etibarən Gürcüstanın qida təhlükəsizliyinə nəzarət sisteminin ekvivalentliyinin tanınmasının iki ölkə arasında ticarət münasibətlərinin genişlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Bildirilib ki, bu qərar Gürcüstanda fəaliyyət göstərən yüksək riskli qida məhsulları istehsal edən müəssisələrin əlavə qiymətləndirmə prosedurlarından keçmədən Azərbaycana ixrac imkanlarını artırıb.
Tərəflər qida məhsullarının idxal, ixrac və tranzit daşınmalarına nəzarətin daha səmərəli təşkili, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Georgi İakobaşvili iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, əməkdaşlığın genişləndirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsi üzrə gələcək addımlar müəyyənləşdirilib.
18:18 06.05.2026
Oxunuş sayı: 41