16 milyardlıq dövlət borcu – borclanmanın həddi narahatlıq doğururmu?
Azərbaycanın daxili dövlət borcu bu ilin 1 aprel tarixinə 16 milyard 492,9 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, bu məbləğin əsas hissəsi iki istiqamət üzrə formalaşıb: dövriyyədə olan dövlət qiymətli kağızları və hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklər.
Hesabat dövründə dövlət qiymətli kağızlarının strukturunda orta və uzunmüddətli istiqrazlar üstünlük təşkil edib.
Eyni zamanda, qısamüddətli istiqrazların dövriyyə müddətinin başa çatması orta ödəmə müddətinin artmasına təsir göstərib və bu göstərici 3,6 il səviyyəsində qeydə alınıb.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Dövlət borcu adətən iki əsas növə bölünür: daxili və xarici borc. Daxili dövlət borcu dövlətin ölkə daxilində cəlb etdiyi maliyyə vəsaitlərini əhatə edir.
Buraya dövlət istiqrazları, xəzinə kağızları və dövlət zəmanəti ilə verilmiş kreditlər daxildir. Bu alətlər əsasən dövlət büdcəsinin maliyyələşdirilməsinə, xüsusilə də büdcə kəsrinin bağlanmasına xidmət edir.
Beləliklə, büdcə kəsrinin maliyyələşdirilməsi dövlət borcunun əsas funksiyalarından biri hesab olunur.
Azərbaycanda həm daxili, həm də xarici dövlət borcu nəzarət olunan və dayanıqlı səviyyədə saxlanılır. Mövcud borc yükü ölkənin xarici maliyyə asılılığından zəruri hallarda azad fəaliyyət göstərməsinə imkan verir.
Hazırda daxili borclanma ölkə üçün məqbul hesab olunur və aparılan iqtisadi siyasət nəticəsində onun dinamikasında müəyyən artım müşahidə edilməkdədir".
Elmir Heydərli
12:30 29.04.2026
Oxunuş sayı: 58