Ada dövlətləri iqlim fəlakəti ilə üz-üzə: Azərbaycan HƏRƏKƏTƏ KEÇDİ
İqlim böhranının ən ağır nəticələri inkişaf etməkdə olan kiçik ada dövlətlərini (SIDS) ciddi təhdid edir. Bu ölkələr qlobal istixana qazları emissiyalarına cüzi töhfə versələr də, iqlim dəyişmələri onların iqtisadiyyatına və infrastrukturuna qeyri-mütənasib təsir göstərir, dolanışıq mənbələrini və ekosistemləri təhlükə altında qoyur. Azərbaycan da Xəzər dənizinin səviyyəsinin azalması, su çatışmazlığı və tez-tez baş verən daşqınlar kimi iqlim çağırışları ilə üzləşən ölkələr sırasında yer alır.
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim böhranı qarşısında müdafiəsinin vacibliyinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycan bu ölkələrin yalnız səslərinin eşidilməsini deyil, həm də qlobal iqlim siyasətinin formalaşdırılmasına fəal töhfə verməsini dəstəkləyir. İlham Əliyev kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin aradan qaldırılması üçün daha sıx beynəlxalq əməkdaşlıq və əlaqələndirilmiş qlobal fəaliyyətə ehtiyac olduğunu vurğulayıb.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə iqlim dəyişmələrinin yaratdığı risklərlə mübarizədə dəstək göstərməsi ölkənin qlobal iqlim siyasətinin mühüm istiqamətlərindəndir.
Deputat qeyd edib ki, bu dövlətlər iqlim böhranının nəticələrinə ən həssas ölkələr sırasında yer alır. Dəniz səviyyəsinin yüksəlməsi, ekstremal hava hadisələrinin artması, su və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər onların sosial-iqtisadi inkişafına ciddi təsir göstərir. Belə bir şəraitdə Azərbaycanın bu ölkələrin problemlərinə diqqət yetirməsi həm humanitar, həm də beynəlxalq həmrəylik baxımından əhəmiyyətlidir.
Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi də bu istiqamətdə ölkəyə mühüm imkanlar yaradıb. Xüsusilə inkişaf etməkdə olan və kiçik ada dövlətlərinin iqlim maliyyəsinə, texnologiyalara və dayanıqlı inkişaf imkanlarına çıxışının genişləndirilməsi məsələsinin beynəlxalq gündəmdə saxlanılması vacibdir.
Deputat vurğulayıb ki, Azərbaycan bu məsələlərdə yalnız çağırışlarla kifayətlənməyərək, praktiki əməkdaşlıq və qarşılıqlı dəstək mexanizmlərinin formalaşdırılmasına töhfə verməyə çalışır.
Onun sözlərinə görə, Azərbaycanın bu mövqeyi ölkənin məsuliyyətli və həmrəyliyə əsaslanan xarici siyasətinin göstəricisidir. İqlim dəyişmələri ayrı-ayrı dövlətlərin təkbaşına həll edə biləcəyi problem deyil. Buna görə imkanları daha geniş olan ölkələrin iqlim böhranından daha çox zərər çəkən dövlətlərə dəstək göstərməsi beynəlxalq ədalət və həmrəylik baxımından mühüm əhəmiyyət daşıyır.
Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycanın kiçik ada dövlətləri ilə əməkdaşlığını bundan sonra da davam etdirməsi həm həmin ölkələr üçün real dəstək, həm də Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Zeynəb Həsən
16:00 07.10.2026
Oxunuş sayı: 44