AYNA: 9 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 9 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib.
Bu barədə Crossmedia.az-a AYNA-ya istinadən xəbər verir.
Belə ki, 512 nömrəli şəhərətrafı (Aşağı Güzdək qəsəbəsi - Müşfiqabad qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "Mərd Nəqliyyat" MMC; Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxs Məstəliyev Xəyyam Səxavət oğlu; Sumqayıt-İsmayıllı marşrutu üzrə fiziki şəxs Abbasov Hüseyn Əliabbas oğlu; Gəncə-Gədəbəy marşrutları üzrə fiziki şəxs Cəfərov Samir Vaqif oğlu; Gədəbəy-Gəncə marşrutları üzrə fiziki şəxslər Əlili Elsevən Fazil oğlu və Alıyev Sabit Zahid oğlu; Lənkəran-Qazax marşrutu üzrə hüquqi şəxs "Min.Avtotrans" MMC; Ağcabədi-Xankəndi-Laçın marşrutu üzrə fiziki şəxs Əliyev Mehman İslam oğlu; Qədili (Samux) - Gəncə marşrutu üzrə fiziki şəxs Hüseynov Mətləb Cahangir oğlu; Dozular (Göygöl) - Gəncə marşrutu üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC qalib elan olunublar.
Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur. Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
11:54 28.04.2026
Oxunuş sayı: 49