Azərbaycan və Ukrayna Arasında Strateji Tərəfdaşlığın Sarsılmaz Gücü
Müasir dünyamızın nizamının yenidən formalaşdığı və geosiyasi çağırışların artdığı bir dövrdə Azərbaycan Respublikası özünün müstəqil güclü və prinsipial xarici siyasəti ilə beynəlxalq münasibətlər sistemində etibarlı sabitlik adası kimi çıxış edir və öz gücünü göstərir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara söykənən diplomatiya, ölkəmizi mühüm strateji qərarların qəbul edildiyi mərkəzə çevirmişdir. Cənab Prezidentimizin yürütdüyü uzaq görən siyasəti nəticəsində dövlətimiz hər sahədə öz sözünü deməkdə davam edir. Bu kontekstdə, 25 aprel tarixində Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri və aparılan ali səviyyəli müzakirələr həm regional, həmçinində qlobal baxımdan müstəsna əhəmiyyət kəsb edirdi.
Azərbaycan və Ukrayna arasındakı əlaqələrin ən diqqətçəkən məqamı bu münasibətlərin yüksək dinamikasıdır. Cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, son dörd il ərzində dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi, o cümlədən cəmi iki ay əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan dialoq, əlaqələrimizin güclü intensivliyinin əyani göstəricisidir. Bu rəqəmlər sadəcə diplomatik protokol rəqəmləri deyil, həmçinin hər iki ölkənin bir-birinə verdiyi dəyərin və qarşılıqlı siyasi iradənin ifadəsidir. Müntəzəm xarakter daşıyan bu təmaslar, ən mürəkkəb məsələlərin belə səmimi və konstruktiv mühitdə həllinə zəmin yaradır.
Bu isə dövlətimizin yürütdüyü sarsılmaz siyasi gücünün göstəricisidir. Beynəlxalq hüquq və ədalət prinsipi bu dövrlərdə çox mühüm xarakter daşıyır. Belə ki, iki ölkə arasındakı əməkdaşlığın çox güclü siyasi təməli mövcuddur. Bu təməlin mərkəzində beynəlxalq hüququn təməl prinsipləri — suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı dayanır. Azərbaycan hər zaman beynəlxalq müstəvidə ədalətin və hüququn tərəfdarı kimi çıxış etmiş, dövlətlərin müstəqil inkişaf yoluna hörmətlə yanaşmışdır. Tərəflər arasında siyasi etimad ən yüksək səviyyədədir və bu, bütün digər sahələrdə, xüsusilə iqtisadi və hərbi-texniki sferalarda sıçrayışlı inkişaf üçün yaşıl işıq yandırır.
Azərbaycanın iqtisadi diplomatiyasının uğurlu rəmzi olan SOCAR, uzun illərdir ki, Ukrayna bazarında öz fəaliyyətini uğurla davam etdirir. Lakin bu fəaliyyət sadəcə ticarət və investisiya layihəsi deyil; bu, həmdə çətin anlarda sınaqdan çıxmış bir tərəfdaşlıq modelidir. Azərbaycanın enerji resurslarının Ukrayna üçün əlçatanlığı və bu sahədəki şəffaf əməkdaşlıq, ölkəmizin regionda necə böyük humanitar və iqtisadi missiya yerinə yetirdiyini göstərir. Görüş zamanı iqtisadi bağların daha da şaxələndirilməsi, investisiya mühitinin genişləndirilməsi barədə əldə olunan razılıqlar gələcəkdə yeni iş yerlərinin və böyük infrastruktur layihələrinin müjdəçisidir.
Görüşün ən strateji bəndlərindən biri hərbi-texniki əməkdaşlıqla bağlı aparılan fikir mübadiləsi oldu. Müasir müdafiə sənayesi sahəsində hər iki ölkənin malik olduğu potensialın birləşdirilməsi, yeni texnologiyaların tətbiqi və qarşılıqlı təcrübə mübadiləsi üçün çox böyük perspektivlər mövcuddur. Bu sahədəki əməkdaşlıq həm də regionda sülhün və təhlükəsizliyin qorunmasına xidmət edən mühüm amildir.
Prezidentimiz İlham Əliyevin bəyanatları bir daha sübut etdi ki, Azərbaycan dövləti istər daxili, istərsədə xarici siyasətdə tam müstəqildir və yalnız öz xalqının maraqlarından çıxış edir. Ukrayna Prezidentinin bu səfəri, Azərbaycan Dövlətinin regional güc mərkəzi olduğunu və onun rəyi olmadan regionda heç bir ciddi strateji planın reallaşdırılmasının mümkün olmadığını bir daha dünya birliyinə nümayiş etdirdi.
Biz Azərbaycan dövləti olaraq hər zaman sülhün, ədalətin və inkişafın tərəfdarıyıq. Aprel görüşü də bu ali amallara xidmət edən tarixi bir hadisə kimi tariximizin və diplomatiyamızın şanlı səhifəsinə yazıldı. Güclü Azərbaycanımız və sarsılmaz dostluqlar bizim gələcək uğurlarımızın əsas rəmzidir.Azərbaycan gənci kimi hökümətimizin yürütdüyü siyasət bizləri çox qürurlandırır.Azərbaycanın qüdrətli gələcəyi üçün Ölkə Başçımız Cənab Prezidentimiz İlham Əliyevin ətrafında birləşməli və daima dövlətimizə xidmət etməliyik.Çünki biz birlikdə güclüyük.

Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı
12:20 28.04.2026
Oxunuş sayı: 60