Borclular üçün yeni sərt qaydalar nəyi dəyişəcək?
Azərbaycanda bank borclarının ödənilməsi ilə bağlı məsuliyyətin artırılması istiqamətində yeni hüquqi dəyişikliklər gündəmə gəlib.
Hazırda müzakirə olunan “Dövlət icra məmurları haqqında Qanun”a təklif edilən dəyişikliklər icra məmurlarının səlahiyyətlərinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.
Bu isə borc öhdəliklərini vaxtında yerinə yetirməyən şəxslərə qarşı tətbiq edilən mexanizmlərin daha sərt və təsirli olacağını göstərir.
Yeni yanaşmaya əsasən, icra məmurlarına yalnız bank hesabları və əmanətlərlə məhdudlaşmayan, daha geniş maliyyə və əmlak alətlərinə çıxış imkanı verilməsi planlaşdırılır.
Bu dəyişikliklər bir tərəfdən kredit intizamının gücləndirilməsi və maliyyə sistemində risklərin azaldılması kimi qiymətləndirilsə də, digər tərəfdən vətəndaş hüquqları və müdafiə mexanizmləri baxımından müəyyən suallar doğurur.
Belə bir addımın nə dərəcədə balanslı və ədalətli olacağı, həmçinin praktiki tətbiqdə hansı nəticələr verəcəyi isə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilməkdədir.
Mövzu ilə bağlı hüquq elmləri doktoru Vüsalə Əhmədova Crossmedia.az-a açıqlama verib:

“Əsas məsələ artırılmış səlahiyyətlər yox, onun necə tətbiq olunacağıdır. Vəzifədən sui-istifadə hallarına yol verilməməsi üçün, məhkəmə nəzarəti mütləqdir. İcra məmurları təkbaşına qərar verə bilməzlər.
Ümumilikdə icra məmurlarına doğru nəzarət mexanizmləri qurulmalıdır. Borclu qərardan narazı qaldıqda onun appelyasiya şikayəti təmin edilməlidir.
Ən əsası, şəxsin minimum yaşayış vəsaitinə toxunulmasını doğru hesab etmirəm. Burada əsas məsələ, borcun icrası ilə insanın minimal yaşayış hüququ arasında balans yaratmaqdır.
Borclu öhdəliyini yerinə yetirməlidir, bəli, amma bu proses onun və ailəsinin fiziki mövcudluğunu və həyat şəraitini təhlükə altına ata bilməz.
Yəni, dövlət borcun qaytarılmasını təmin edir, lakin borclunu tam iqtisadi iflasa sürükləməməlidir. Minimum yaşayış həddi və ya "toxunulmaz minimum" nədir?
Qısa olaraq ifadə etsək, borcludan tutulmamalı olan resursların sərhəddidir. Məsələn, minimum əmək haqqına uyğun gəlir hissəsi, əsas yaşayış xərcləri (qida, geyim, kommunal xidmətlər və s.), evin zəruri əşyaları, ailə üzvlərinin saxlanması üçün minimum vəsait, uşaqların təhsil haqqları və s.
Müvafiq olaraq, maaşdan tutulmalara limit qoyula bilər, bəzi əmlak növləri tam toxunulmaz elan edilə bilər, pensiya, müavinət kimi sosial ödənişlər qoruna bilər və s.
Əsas məsələ proporsionallıq prinsipinin qorunmasıdır. Yəni, kiçik borc daha yumşaq müdaxilə mexanizmləri, böyük borc isə daha geniş icra imkanları tələb edir.
Amma hər iki halda da, icra tədbiri borclunu əlavə sosial zərərə uğrada bilməz. Ümumiyyətlə, borcun bütün restrukturizasiyası imkanları araşdırılmalıdır.
Nəticə etibarilə, qanuna edilən dəyişiklikləri iqtisadi baxımdan anlaşılan hesab edə bilərik və müəyyən dərəcədə zəruridir, ancaq düzgün nəzarət mexanizmləri olmazsa, sui-istifadə riski yüksəkdir”.
Ayhan
11:20 28.04.2026
Oxunuş sayı: 950