Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Komitələrinin (AOK) 55-ci Baş Assambleyası keçirilib.
Crossmedia.az xəbər verir ki, assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov və beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov təmsil ediblər.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kristi Konventri, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos və digər ölkələrin MOK-larının iştirakı ilə keçirilən Baş Assambleyada bir çox məsələlər haqqında müzakirələr aparılıb.
İclasın ilk günündə Türkiyədə keçiriləcək İstanbul-2027 Avropa Oyunlarına hazırlıqla bağlı fikirlər səsləndirilib, həmçinin Milan-Kartino XXV Qış Olimpiya Oyunlarının və Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) hesabatı dinlənilib.
Baş Assambleya zamanı, həmçinin “Ən yaxşı avropalı gənc atlet” üçün nəzərdə tutulan 14-cü “Pyotr Nurovski” mükafatına Rumıniyalı qılıncoynadan Amalia Covaliu və estoniyalı şüvüllə tullanma idmançısı Allika Inkeri Moser layiq görülüb. Gian Primo Giardi (San-Marino), André Hoffmann (Lüksemburq) və Marie-George Buffet (Fransa) Avropa Olimpiya Komitəsinin "Xidmətlərinə görə" ordeni ilə təltif ediliblər.
Assambleyanın ikinci günündə Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı öz sahibinə təqdim olunub. Bundan başqa, iclasda Braşov-2027 XVIII Qış Avropa Gənclər Olimpiya Festivalı və Linyano-Sabbiadoro-2027 XIX Avropa Gənclər Yay Olimpiya Festivalı və AOK-un komissiyasının hesabatları, WADA-nın tibb və antidopinqlə bağlı hesabatları dinlənilib. İclasda 2027-ci ildə Monakoda keçiriləcək Kiçik Avropa Dövlətlərinin Oyunları ilə bağlı təqdimat və yeniliklərlə bağlı müzakirələr aparılıb.
İclasın sonuncu günündə AOK-un 56-cı Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində keçiriləcəyi təsdiq olunub.
22:12 13.06.2026
Oxunuş sayı: 51