İsveçrə əhalinin sayına limit qoyur?
İsveçrədə ölkə əhalisinin sayını məhdudlaşdırmağı nəzərdə tutan yeni qanun layihəsi cəmiyyəti iki cəbhəyə bölüb.
Crossmedia.az xəbər verir ki, sağçı İsveçrə Xalq Partiyası (SVP) tərəfindən irəli sürülən və "davamlılıq təşəbbüsü" adlandırılan bu addım mənzil bazarı, sosial xidmətlər və ətraf mühit üzərindəki təzyiqi azaltmaq məqsədi daşıyır. Lakin rəsmi hökumət, digər siyasi partiyalar, biznes liderləri və həmkarlar ittifaqları bu layihəni "xaos təşəbbüsü" adlandıraraq kəskin tənqid edirlər. Onların fikrincə, bu qərar xəstəxanaları və otelləri kadr qıtlığı ilə üz-üzə qoyacaq, həmçinin Avropa İttifaqı (Aİ) ilə münasibətlərə ciddi zərbə vuracaq.
Qeyd edək ki, İsveçrə əhalisi 2002-ci ildəki 7.3 milyon nəfərdən hazırda 9.1 milyona yüksəlib və sakinlərin 27%-ni xaricdə doğulmuş şəxslər təşkil edir. Ölkədəki birbaşa demokratiya sisteminə görə, 100 min imza toplayan hər bir təşəbbüs ümummilli səsverməyə çıxarıla bilir. Son rəy sorğuları isə səsvermənin olduqca gərgin keçəcəyini göstərir: seçicilərin 52%-i layihənin əleyhinə, 45%-i isə lehinədir, lakin qərarını hələ dəqiqləşdirməyən böyük bir kütlə var.
Fatimə Cabbarlı
00:40 14.06.2026
Oxunuş sayı: 45