Avtomobili yalnız elektrik rejimində sürmək hansı fəsadlara yol aça bilər?
Son illərdə Azərbaycanda, xüsusilə Bakı şəhərində elektriklə çalışan avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Əhalinin ənənəvi yanacaqdan tədricən elektrik enerjisinə keçidi həm ekoloji, həm də iqtisadi baxımdan yeni bir mərhələnin formalaşdığını göstərir.
Bu tendensiya şəhər nəqliyyatında dəyişikliklərin sürətləndiyini və müasir texnologiyaların gündəlik həyatda daha geniş yer aldığını ortaya qoyur.
Eyni zamanda, elektrik avtomobillərinin istifadəsi ilə bağlı bir sıra texniki və praktiki məsələlər də aktuallıq qazanır.
Xüsusilə, batareyaların şarj olunma qaydaları, onların uzunömürlülüyü və enerji səmərəliliyi kimi faktorlar istifadəçilər üçün önəmli mövzuya çevrilib.
Bu baxımdan, yeni nəqliyyat mədəniyyətinin formalaşması yalnız texnologiya deyil, həm də düzgün istifadə vərdişləri ilə birbaşa əlaqəlidir.
Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Orxan Sabiroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Bildiyiniz kimi Plug in hibrid (PHEV) avtomobilləri yalnız elektrik mühərriki ilə sürmək mümkündür və bu, həmin texnologiyanın əsas üstünlüklərindən biridir.
Buna görə də, insanlar bu avtomobillərə yönəlir, hansı ki, dediyiniz kimi, əsas səbəblərdən biri də yanacaqdan qənaətdir. Bu sürüş imkanı şəhərdaxili qısa məsafələr üçün çox əlverişlidir.
Lakin avtomobili hər gün yalnız elektriklə sürüb, daxili yanma mühərrikini aylarla işə salmamaq bir neçə problemi yarada bilər:
İlk olaraq yanacağın keyfiyyətdən düşməsi. Benzin çəndə çox uzun müddət (6 aydan çox) qaldıqda kimyəvi xüsusiyyətlərini itirir, oksidləşir. Bu isə yanacaq sistemini və injektorları zədələyə bilər.
Eyni zamanda, mühərrikin yağsız qalması yaranır. Daxili yanma mühərriki uzun müddət işləmədikdə, silindrlərdəki və digər hərəkətli hissələrdəki yağ süzülüb aşağı düşür.
Mühərrik işə düşdükdə "quru sürtünmə" baş verə bilər ki, bu da aşınmanı artırır. Bunun daha bir nəticəsi də korroziya riskidir.
Mühərrik işləmədikdə lazımi temperatura çatmır, bu da mühərrik sistemində və egzozda nəmin toplanmasına və zamanla korroziyaya səbəb ola bilər.
Bu tip problemlərin qarşısını almaq üçün avtomobil həftədə ən azı bir-iki dəfə HEV rejimində sürülməlidir ki, daxili yanma mühərriki də işləsin".
Elmir Heydərli
12:00 28.04.2026
Oxunuş sayı: 61