Metadon terapiyası asılılığı necə azaldır?
Müasir səhiyyə sistemində asılılıq yaradan maddələrlə mübarizə yalnız tibbi müdaxilə ilə məhdudlaşmır, eyni zamanda sosial və psixoloji reabilitasiya tədbirlərini də özündə birləşdirən kompleks yanaşma tələb edir.
Bu baxımdan, opioid asılılığının azaldılması və idarə olunması istiqamətində müxtəlif beynəlxalq təcrübələrə əsaslanan müalicə modelləri tətbiq olunur.
Belə yanaşmalardan biri də əvəzedici terapiya proqramlarıdır ki, bu proqramlar xəstələrin təhlükəsiz mühitdə müalicəyə cəlb olunmasını, onların sağlam həyat tərzinə qayıdışını və cəmiyyətə reinteqrasiyasını hədəfləyir.
Bu çərçivədə tibbi nəzarət altında aparılan müalicə prosesləri həm sağlamlıq risklərinin azaldılmasına, həm də sosial sabitliyin gücləndirilməsinə xidmət edir.
Məsələ ilə bağlı Qarabağ Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ramin Allahverdiyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Metadon əvəzedici terapiya proqramı çərçivəsində tətbiq olunur. Bu proqram əsasən Respublika Narkoloji Mərkəzində, QİÇS-lə Mübarizə Mərkəzində və Sumqayıt şəhər Narkoloji Mərkəzində həyata keçirilir.
Proqramın əsas məqsədi opioid istifadəçilərinin maddə istifadəsini dayandırdıqdan sonra onları nəzarətli və təhlükəsiz müalicə prosesinə cəlb etməkdir. Bu çərçivədə istifadə olunan preparat metadondur.
Metadon beyində opioid reseptorlarına təsir edərək onların blokadasını təmin edir və nəticədə şəxsin qeyri-leqal maddələrə yönəlməsinin qarşısını alır.
Bu yanaşma şəxsin cinayət riskindən uzaqlaşmasına, inyeksiya yolu ilə yoluxan xəstəliklərdən qorunmasına şərait yaradır. Paralel olaraq psixoterapiya tədbirləri həyata keçirilməlidir ki, şəxsin sosiallaşması, cəmiyyətə reinteqrasiyası və psixoloji sağlamlığı təmin olunsun".
Elmir Heydərli
16:05 20.04.2026
Oxunuş sayı: 95