Hansı qidalar əhvalımıza təsir edir?
Qidalanma təkbaşına depressiya və ya anksiyetanı müalicə etməsə də, aparılan araşdırmalar göstərir ki, düzgün pəhriz sağlam həyat tərzinin bir hissəsi kimi psixoloji vəziyyətə müsbət təsir göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Mütəxəssislərə görə, qidalardakı faydalı maddələr orqanizmdə “xoşbəxtlik hormonları” kimi tanınan serotonin və dopaminin yaranmasında mühüm rol oynayır. Serotonin ruh halını tənzimləyir, yuxunu yaxşılaşdırır və iştahı idarə edir. Dopamin isə motivasiya, diqqət və məmnunluq hissi ilə əlaqəlidir.
Araşdırmalar göstərir ki, serotoninin böyük hissəsi bağırsaqlarda istehsal olunur. Bu səbəbdən bağırsaq sağlamlığı ilə qidalanma arasında birbaşa əlaqə var. Depressiya və yuxu problemləri yaşayan insanlarda tez-tez bağırsaq mikroflorasının pozulduğu müşahidə edilir.
Belə ki, prebiyotik və probiyotiklərlə zəngin qidaların qəbulunu tövsiyə edilit. Bu qidalara kefir, yoğurt, turşu məhsulları, kombuça kimi fermentləşdirilmiş içkilər daxildir. Həmçinin yulaf, banan, paxlalılar, soğan və quşqonmaz kimi məhsullar bağırsaq bakteriyalarını dəstəkləyir.
Kompleks karbohidratlar – tam taxıllı çörək, qəhvəyi düyü, makaron və tərəvəzlər – orqanizmi enerji ilə sabit şəkildə təmin edir və serotonin səviyyəsini artırır.
Bundan əlavə, B vitamini ilə zəngin qidalar, xüsusilə yumurta, beyin funksiyalarını dəstəkləyir. Araşdırmalar yumurtanın müntəzəm istifadəsinin depressiya riskini azalda biləcəyini göstərir.
Digər tərəfdən, şəkərli qidalar və sadə karbohidratlar qısa müddətli enerji versə də, sonradan kəskin enişə səbəb olur və bu da ruh halına mənfi təsir göstərir. Doymuş yağların çox istifadəsi də dopamin siqnallarının azalması ilə əlaqələndirilir.
Həkimlər gün ərzində balanslı qidalanma, kifayət qədər su qəbulu, kofeinin məhdudlaşdırılması və fiziki aktivliyin artırılmasını ruh halını qorumaq üçün əsas amillər kimi göstərir.
17:55 19.04.2026
Oxunuş sayı: 56