Nadir xəstəliklərin müalicəsində yeni addım: xüsusi dərman siyahısı genişləndirildi
Azərbaycanda nadir və spesifik müalicə tələb edən xəstəliklərlə mübarizə sahəsində mühüm yenilik həyata keçirilib. Səhiyyə sistemində aparılan islahatların davamı olaraq, Səhiyyə Nazirliyinin Kollegiyası xüsusi nəzarətdə olan dərman vasitələrinin siyahısını genişləndirilib. Yeni qərara əsasən siyahıya daha 11 dərman preparatı əlavə olunub və ümumi say 120-yə çatdırılıb.
Bu addım nadir xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.
Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-a bildirib ki, xüsusi nəzarətdə olan dərman preparatları ilə bağlı mexanizm uzun illərdir tətbiq edilir: “Hələ 2000-ci illərdə Nazirlər Kabinetinin müvafiq qərarı ilə belə dərmanların siyahısı müəyyən olunub. Bu preparatlar həm güclü təsirə malikdir, həm də bahalıdır. Onlar əsasən onkoloji, hematoloji və irsi xəstəliklərin müalicəsində istifadə olunur”.

Professor qeyd edib ki, bu kateqoriyaya daxil olan dərmanlar diaqnozu təsdiqlənmiş və qeydiyyatda olan xəstələrə dövlət tərəfindən pulsuz təqdim edilir: “Bu, sosial baxımdan mühüm bir güzəştdir və ağır xəstəliklərdən əziyyət çəkən insanlar üçün ciddi dəstək mexanizmidir”.
A.Qeybulla vurğulayıb ki, dərman siyahısı sabit deyil və mütəmadi olaraq yenilənir: “Bəzi preparatlar siyahıdan çıxarılır, yeniləri isə əlavə edilir. Ümumilikdə isə artım tendensiyası müşahidə olunur. Məsələn, ötən ilin dekabrında siyahıda ciddi dəyişikliklər aparılıb”.
Onun sözlərinə görə, bu dəyişikliklərin əsasını Səhiyyə Nazirliyinin aparıdığı qeydiyyat və statistika təşkil edir: “Xəstələrin registrasiyası, hansı xəstəliklər üzrə hansı dərmanlara daha çox ehtiyac olduğu barədə məlumatlar toplanır və qərarlar da məhz bu məlumatlara əsasən verilir”.
Ekspert hesab edir ki, hazırda bu dərmanların icbari tibbi sığorta çərçivəsinə tam daxil edilməsi mümkün olmasa da, gələcəkdə bu istiqamətdə addımlar atılacaq: “Gözlənilir ki, zamanla bu dərmanlar da sığorta paketinə daxil ediləcək və əhali bundan daha geniş şəkildə yararlana biləcək”.
Professor əlavə edib ki, xüsusi nəzarət mexanizmi həm dərmanların düzgün istifadəsinin təmin olunmasına, həm də onların həqiqətən ehtiyacı olan vətəndaşlara çatdırılmasına xidmət edir: “Bu sahədə nəzarətin güclü olması həm sui-istifadə hallarının qarşısını alır, həm də sosial ədalətin təmin olunmasına imkan yaradır”.
Mehriban Yariyeva
18:01 18.04.2026
Oxunuş sayı: 52