Azərbaycanda virus təşvişi: “Laboratoriyalarda yetişdirilən xəstəliklər” iddiası
Son günlər daxil olan məlumatlara görə, Azərbaycanda bəzi insanlarda koronavirusa bənzər əlamətlər müşahidə olunur. Ürəkbulanma və digər şikayətlər fonunda vətəndaşlar arasında virusun yenidən aktivləşdiyi ilə bağlı narahatlıqlar artır. Sosial mühitdə “koronavirus geri qayıdırmı?” sualı yenidən gündəmə gəlir və bu da insanlarda müəyyən təşviş yaradır.
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev qeyd olunan ehtimallarla bağlı Crossmedia.az-a danışıb: "Əgər dünyada ekologiya nəzərə alınmasa, artıq hamımız bilirik ki, ekoloji vəziyyət çox ağırdır. Göyün havası, kimyəvi elementlərin tarazlığı olmalıdır, amma onlar pozulur. Səbəblər də məlumdur. Dünyada gedən ixtilaflar, anormal həyat tərzinin formalaşması, pulun hakim olması... Əgər insan pulun ağası olmalıdırsa, indi tərsinədir, dünyanın aparıcı insanları, dünyanı idarə edənlər görünür ki, müxtəlif təsirlər yaradırlar. Radiasiyalar yaranır, hamısı da insanlığın, sağlamlığın əleyhinədir. O cümlədən virus xəstəlikləri də belə, tarixdən məlumdur ki, laboratoriyalarda müxtəlif viruslar yetişdirilir və dünyaya yayılır. Yayılmağa da imkanı çoxdur. Yəni antinormal ekoloji vəziyyətdə istənilən xəstəliklər yayıla bilir. Virusların belə bir xüsusiyyəti var ki, onlar dəyişə bilir, mutasiya edir. Ona görə də “qlobal şəkildə koronavirus qayıdacaq” demək doğru deyil, lakin müxtəlif variantlarda yenidən ortaya çıxması mümkündür. Dünyanın hər yerində müharibələr, qida və su çirklənməsi kimi problemlər var. Bu problemlər fonunda da xəstəliklərin yayılması üçün şərait yaranır. Ona görə də dünyadakı bu problemlərin nəticəsində istənilən virusların, bakteriyaların və parazitlərin yaranmasına şərait var. Mühit olmasa xəstəlik də olmaz".
Həkimin sözlərinə görə, Azərbaycanda koronavirusla bağlı müəyyən halların olduğu deyilsə də, bu geniş şəkildə güclü yayılma kimi görünmür: "Yaz mövsümündə isə ümumiyyətlə virus və qripə bənzər hallar müşahidə olunur. Bunun əsas səbəblərindən biri də qış mövsümündə insan orqanizminin ehtiyat imkanlarından istifadə etməsi, bədəndə müəyyən dəyişikliklərin yaranmasıdır. Maddələr və vitamin çatışmazlığı baş verə bilir. Təbiət qışdan sonra canlanır, havalar istiləşir. İnsanlar da bunu nəzərə almalı, təmiz havada olmağa çalışmalıdırlar. Sonra daxilən sinirləri sakitləşdirməyi bacarmalıyıq. Bunlar immunitetin güclənməsinə kömək edir və hadisələrə daha normal yanaşmağa şərait yaradır. Koronavirusun güclü şəkildə geri qayıtması ilə bağlı deyilənlər təsdiqlənmiş deyil. Sadəcə mövsümi xəstəliklərin ortaya çıxması bu dövr üçün başa düşüləndir".
Fatimə Məmmədova
20:02 16.04.2026
Oxunuş sayı: 60