Heyva min bir dərdə dava imiş...
Payız fəslinin gəlişi ilə süfrələrdə təbii və faydalı məhsullar daha çox yer almağa başlayır. Bu dövrdə xüsusilə diqqət çəkən meyvələrdən biri də qədimdən bəri həm dadı, həm də müalicəvi xüsusiyyətləri ilə seçilən heyvadır. Qızılı rəngi, özünəməxsus ətri və zəngin tərkibi ilə seçilən bu meyvə təkcə qida deyil, həm də xalq təbabətində geniş istifadə olunan təbii nemətlərdən hesab olunur.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Crossmedia.az-a heyvanın xeyirlərdən danışıb:
"Azərbaycanda daha çox payız aylarında- sentyabr, oktyabr, noyabr aylarında heyvaya rast gəlinir. Qida dəyəri yüksək, xüsusilə də dadı, qoxusu gözəl olduğuna görə, özünəməxsus olduğuna görə bir çox insanların ən sevdiyi meyvələrdən hesab olunur. Mövsümü olmadıqda isə çiy halda demək olar ki, rast gəlinmir. Daha çox kompot, mürəbbə və yaxud da çay üçün qurudulmuş şəkildə dəmləmələrdə istifadə etmək olur. Tərkibi C, A vitamini və B qrupu vitaminləri ilə zəngindir. Lifli qida olduğu üçün həzm üçün çox faydalıdır. Eləcə də tərkibində az miqdarda dəmir, maqnezium, kalium da var ki, bunlar da mineral çatışmazlığı zamanı orqanizmin immunitetini dəstəkləyir və gücləndirir. Antioksidant maddələr olduğuna görə də iltihab əleyhinə, infeksiyalar əleyhinə faydalıdır".
M.Hüseynovanın dediklərinə görə, heyvanın tərkibində bişmiş şəkildə selikli qişa var ki, bu da mədə üçün faydalıdır: "Həmçinin, bronxlarda problem yaşandıqda dəmləmələri çox faydalı olur, xüsusilə öskürəyin azalmasında istifadə edilir. Həddindən artıq qəbul olunduqda mədəni qıcıqlandıra bilər, xüsusilə də mədə turşuluğu olan insanlarda mədədə narahatlıq verə bilər. Demək olar ki, allergiyaya səbəb olmayan nadir meyvələrdəndir. Sadəcə, kiçik uşaqlara verərkən, udmada çətinlik yarandığına görə çiy halda verilməsi tövsiyə olunmur. Az bişmiş, yumşaq halda verilməsi daha faydalı ola bilər. Və böyük ölçüdə həzmi yaxşılaşdıran, immuniteti gücləndirən meyvələr sırasındadır. Ona görə istər bişmiş, istəy qurudulmuş halda, istərsə də çayını istifadə etmək faydalıdır".
Fatimə
19:36 15.04.2026
Oxunuş sayı: 65