Zəhərlənmə halları niyə təkrarlanır? - Şirvan hadisəsinin dərsləri
Şirvanda altı nəfərin zəhərlənməsi ilə nəticələnən hadisə ictimai iaşə obyektlərində qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Hadisədən sonra obyektin fəaliyyətinin dayandırılması və araşdırmalara başlanılması bir daha göstərir ki, qida məhsullarının saxlanma, hazırlanma və təqdimat qaydalarına nəzarət həyati əhəmiyyət daşıyır.
Belə halların qarşısını almaq üçün mövcud yoxlama mexanizmlərinin nə dərəcədə effektiv olduğu, eləcə də əlavə hansı preventiv tədbirlərin görülməsinin vacibliyi hazırda əsas müzakirə mövzularındandır.
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov Crossmedia.az-a açıqlama verib:
"Şirvanda baş verən bu hadisə bir daha göstərir ki, ictimai iaşə obyektlərində qida təhlükəsizliyi yalnız formal yoxlama ilə deyil, sistemli nəzarət və düzgün idarəetmə ilə təmin olunmalıdır. Adətən belə obyektlərdə nəzarət mexanizmləri tətbiq olunur. Həmin nəzarət mexanizmləri:

Sanitar-gigiyenik yoxlamalar, işçi heyətinin şəxsi gigiyenası, iş geyimləri, əl yuma şəraiti və ümumi təmizlik qiymətləndirilir. Soyuducu və dondurucularda saxlanma temperaturu, bişirmə temperaturu yoxlanılmalıdır, istifadə olunan xammalın sertifikatları və yararlılıq müddəti yoxlanılmalıdır, çiy və bişmiş qidaların ayrı saxlanılması, fərqli alətlərin istifadəsinə nəzarət edilməlidir. İstifadə olunan suyun təhlükəsizliyi və məhsulların uyğunluğu analiz edilməlidir, qida nümunələri mikrobioloji və kimyəvi baxımdan yoxlanılmalıdır".
Ekspert qeyd edib ki, bu tədbirlər əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən planlı və ya şikayət əsasında həyata keçirilir:
"Təbii ki, əlavə tədbirlərə də ehtiyac var. Məsələn, HACCP sisteminin real tətbiqi, kağız üzərində deyil, faktiki risk nöqtələrinin (kritik nöqtələr) izlənməsi təmin olunmalıdır, işçi heyətin mütəmadi təlimi olmalıdır. Qida ilə işləyən şəxslər yalnız ilkin yox, davamlı şəkildə maarifləndirilməlidir. Temperatur və saxlanma şəraitinin avtomatik qeydiyyatı və izlənməsi insan faktorunu azaldılmalıdır.
Əvvəlcədən xəbərsiz yoxlamalar real vəziyyəti daha düzgün göstərir. Qidadan zəhərlənmələrin qarşısını almaq üçün yalnız dövlət nəzarəti kifayət etmir. Obyekt sahibləri, işçilər və istehlakçılar birlikdə məsuliyyət daşıyır. Ən effektiv yanaşma isə profilaktikadır – yəni problem baş vermədən riskləri aradan qaldırmaq".
Ayhan
17:08 09.04.2026
Oxunuş sayı: 53