Ölkədə suçiçəyi artıb – vəziyyət nə qədər təhlükəlidir?
Son günlər ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyi xəstəliyinin yayılması ilə bağlı məlumatların artması cəmiyyətdə müəyyən narahatlıq yaradıb.
Xüsusilə, həkim və bəzi tibb ekspertlərinin xəstəliyin yenidən aktiv fazaya keçməsi ilə bağlı səsləndirdiyi fikirlər mövzunu aktuallaşdırıb və ictimai müzakirələrə səbəb olub.
Bununla belə, rəsmi qurumlar mövcud vəziyyətin nəzarət altında olduğunu bildirir və yayılan məlumatlara aydınlıq gətirirlər. Səhiyyə Nazirliyinin müvafiq qurumunun açıqlamasına əsasən, suçiçəyi mövsümi xarakter daşıyır və hazırda ölkədə kütləvi yayılma qeydə alınmayıb; profilaktik tədbirlər isə davamlı şəkildə həyata keçirilir.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əvvəlcə qeyd etmək istəyirəm ki, suçiçəyi adətən uşaqlar arasında yayılan bir virus xəstəliyidir. Bu virus daha çox yay aylarında rast gəlinir və xüsusilə uşaq yaşlarında müşahidə olunur.
Əgər evdə bir uşaq yoluxubsa, onun qardaşı, bacısı və ya bağçada təmasda olduğu uşaqlar da yoluxa bilər. Digər uşaqların yoluxmaması üçün isə gigiyenik tədbirlər görmək vacibdir.
Müalicəyə gəldikdə, virus mənşəli olduğundan uşaqların immunitetini gücləndirmək əsasdır. Qaşıntı halları üçün müəyyən dərmanlar və ya allergiyaya qarşı preparatlar istifadə edilə bilər. Bundan əlavə, uşaqların dırnaqlarına xüsusi diqqət yetirmək vacibdir, çünki dırnaq altında bakteriya və viruslar daha çox toplanır və virusun yayılmasına səbəb ola bilər.
Virusun inkubasiya dövrü adətən 7-14 gün çəkir, sonra isə immunitet normal vəziyyətə qayıdır. Yoluxmanın qarşısını almaq üçün isə peyvəndlər önəmli rol oynayır. Peyvənd olunmuş uşaqlarda virusun yoluxma riski demək olar ki, sıfıra bərabərdir. Bu səbəbdən uşaqların vaxtında peyvənd olunması və gigiyenik qaydalara riayət etməsi vacibdir".
Elmir Heydərli
18:20 07.04.2026
Oxunuş sayı: 1797